Ukraynaya yardım məsələsində Aİ tərəddüd edir

   Ukraynaya yardım məsələsində Aİ tərəddüd edir
  17 Mart 2025    Oxunub:670
Aİ Ukraynaya 40 milyard avro dəyərində yeni yardım tranşının ayrılması təklifini təsdiqləməzdən əvvəl “bir çox detalları” razılaşdırmalıdır.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhküləsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas birlik ölkələrinin Xarici İşlər nazirlərinin görüşünə gələrkən belə deyib.

“Bu qərara ümumi siyasi dəstək var, lakin hələ də razılaşdırılmalı olan bir çox detallar var. Müdafiə nazirləri hələ bu mövzuda çıxış etməlidirlər və biz onları dinləmək niyyətindəyik”, - xanım Kallas bildirib.

Qeyd edək ki, Aİ hələ fevral ayının ortalarından bu məsələ ilə bağlı ardıcıl müzakirələr aparır. Hətta martın 14-də Ukraynaya 20 milyard avro dəyərində hərbi yardım fondunun yaradılmasını təklif edib və Kiyevin ehtiyaclarından asılı olaraq maliyyələşməni 40 milyard avroya çatdırmaq imkanı var. Fond könüllü iştirak əsasında fəaliyyət göstərdiyi üçün qərar Macarıstanın vetosundan yan keçəcək.

Avropa Kiyevə hərbi yardım barədə razılığa gələ bilmir
Hər bir ölkə öz iqtisadi çəkisinə mütənasib şəkildə töhfə verəcək - istər maliyyə, istərsə də silah təchizatı. Aİ öz növbəsində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəətdən 1,9 milyard avro ayıracaq, baxmayaraq ki, bu vəsait artıq qismən bölüşdürülüb.

Yardımın prioritet istiqamətləri artilleriya sursatları, hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər, dronlar, qırıcı təyyarələr, həmçinin Ukrayna briqadalarına texniki xidmət və qeyri-öldürücü dəstəkdir. Birinci mərhələdə 2025-ci ildə 2 milyon ədəd iriçaplı artilleriya sursatının alınması üçün 5 milyard avro ayrılması təklif olunur.

Sənəddə Ukrayna üçün təhlükəsizlik təminatlarından da bəhs edilir, hərçənd bunun konkret detalları açıqlanmır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   yardım  





Xəbər lenti