Boks üzrə əfsanəvi dünya çempionu vəfat etdi

Boks üzrə əfsanəvi dünya çempionu vəfat etdi
  22 Mart 2025    Oxunub:717
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Corc Forman 76 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, əfsanəvi boksçunun ailəsi bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bizim ürəklərimiz parçalanıb. 21 mart 2025-ci ildə əzizlərinin əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Göndərdiyiniz sevgi və dualara görə minnətdarıq və bu insanın qeyri-adi həyatına hörmətlə yanaşdığımız üçün tənhalıq arzulayırıq”, - bəyanatda deyilir.

Xatırladaq ki, 1968-ci ildə Olimpiya çempionu olmuş Forman, habelə WBC, WBA və IBF üzrə peşəkarlar arasında ağır çəkidə dünya çempionudur. Ümumilikdə, Forman peşəkar rinqdə 81 döyüş keçirib, onlardan 76-da (68-də nokautla) qalib gəlib və 5-də məğlub olub.

1949-cu il yanvarın 10-da Texasda anadan olan idmançı 1970-ci illərdə ağır çəkidə dünya çempionu titulunu qazanaraq məşhurlaşıb. İdmandan müvəqqəti olaraq ayrıldıqdan sonra 1987-ci ildə boksa qayıdıb və 1994-cü ildə 45 yaşında yenidən ağır çəkidə titulunu ələ keçirərək, tarixin ən yaşlı ağır çəkili çempionu titulunu qazanıb.


1974-cü il oktyabrın 30-da o zamankı çempion Corc Edvard Formanın və əfsanəvi Məhəmməd Əlinin arasında baş tutan qarşıdurma 20-ci əsrin ən məşhur boks görüşlərindən biri kimi tarixə düşüb. “Cəngəllikdə gurultu” adlnadırılan bu döyüşdə Forman öz karyerasında ilk məğlubiyyətə uğrayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Forman   vəfat  





Xəbər lenti