Son iki gündə paytaxtda 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Son iki gündə paytaxtda 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
  22 Mart 2025    Oxunub:784
Bayram tətilinin ilk günlərində 12 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində açıqladığı məlumata istinadən xəbər verir ki, bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili ağır nəticələrə səbəb olan qəzalarının qeydə alınmadığını göstərir.

Bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb.

“Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edirik”,
- müraciətdə vurğulanır.

AzVision.az


Teqlər: BDYPİ   qəzalar  





Xəbər lenti