Prezident: Pakistanla strateji tərəfdaşlığının səviyyəsi məmnunluq doğurur

   Prezident: Pakistanla strateji tərəfdaşlığının səviyyəsi məmnunluq doğurur
  23 Mart 2025    Oxunub:1118
Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

AzVision.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, iqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir.

Prezident İlham Əliyev qeyd edib ki, biz qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan irəli gələn, ortaq mədəni dəyərlər və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına müstəsna əhəmiyyət veririk. Ali səviyyədə səfərlərin, görüşlərin və təmasların intensivliyi əməkdaşlığımızın yüksək inkişaf dinamikasının göstəricisidir.

“Sizin keçən ay Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri çərçivəsində Sizinlə qarşılıqlı etimad, anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadilələrini və müzakirələri son dərəcə yüksək qiymətləndirirəm. Səfər əsnasında müxtəlif sahələr üzrə Azərbaycan-Pakistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar, o cümlədən imzalanmış çoxsaylı sənədlər ikitərəfli gündəliyimizin əhatə dairəsinin daha da genişləndirilməsinə, müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari potensialımızın reallaşdırılmasına töhfələr verəcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətləri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə möhkəmlənməyə və dərinləşməyə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti