“Qəzzada müharibənin bitməsini istəyirik” - HƏMAS

   “Qəzzada müharibənin bitməsini istəyirik”    - HƏMAS
  26 Mart 2025    Oxunub:1204
Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzza zolağında müharibəyə tez son qoymağa çağırıb.
AzVision.az Qətərin “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, “HƏMAS”-ın siyasi bürosunun üzvü Husam Badran belə deyib.

Təşkilatın sözçüsü bildirib ki, “HƏMAS” müharibəni və qan tökülməsini dayandırmağa çalışdığı halda, atəşkəs razılaşmasını yerinə yetirməyən İsrail bunun əvəzində təcavüzünü davam etdirir.

ABŞ-ni tənqid edən Husam Badran İsrailin baş naziri Benyamin Netanyahunun danışıqlardan boyun qaçırdığını bildirib: “Amerika tərəfi vasitəçi deyil, o, yalnız İsrailin siyasətini dəstəkləyir”.
Eyni zamanda Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasın rəhbərlik etdiyi “FƏTH” hərəkatı radikal “HƏMAS” qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb.

- “HƏMAS”ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hal yaradıb. Hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli və Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir”, - “FƏTH”-in Qəzza zolağı üzrə sözçüsü Munter Hayek vurğulayıb.

“Al Jazeera” telekanalı, eyni zamanda, son 24 saat ərzində Qəzza zolağında ən azı 37 fələstinlinin həlak olduğunu bildirib.


Məlumatda İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının artmaqda davam etdiyi, İsrail ordusunun artıq Fələstin anklavının cənubunda yerləşən Rəfah şəhərinin şərqində və Qəzzanın şimalında yerüstü əməliyyata başladığı qeyd olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qəzza  





Xəbər lenti