Azərbaycan regionda nəqliyyat qovşağıdır - “El Economista”

Bildirilib ki, Azərbaycan yaşıl enerji keçilməsində və yeni bazarlara açıq olmasında öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycan, həmçinin çoxtərəfli münasibətlərdə, insan hüquqlarının müdafiəsi və mədəni mübadilə sahələrində oxşarlıqları nəzərə alaraq, investisiya və ticarət mövzusunda Meksika ilə əlaqələri daha da gücləndirməyə səy göstərir.
Müsahibədə Azərbaycan səfirliyinin əsas hədəflərindən birinin hər iki ölkənin iş adamları arasında qarşılıqlı maraqların, bu xüsusda Meksikanın iqtisadiyyatını şaxələndirmək və dünyanın digər bazarlarına açılmaq istəyinin müəyyənləşdirilməsi üçün kanallar yaratmaq olduğu vurğulanıb. Qeyd edilib ki, bu baxımdan böyük şirkətlərin və meksikalı istehsalçıların regionda iştirakını təmin edəcək imkanlar yaradıla bilər. Azərbaycan energetika və nəqliyyat sahəsində qlobal miqyaslı bir sıra iqtisadi layihələrə liderlik edir ki, bu da ölkədə sosial-iqtisadi şəraitin yaxşılaşdırılmasına gətirib çıxarıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan regionda sıx əlaqələrə malikdir və nəqliyyat qovşağı kimi çıxış edir. Bu səbəbdən Meksikanın istənilən şirkəti Mərkəzi Asiya, Avropa, Türkiyə və digər bazarlara Azərbaycan vasitəsilə daxil ola bilər. Bundan əlavə, kənd təsərrüfatı və texnologiyalar sahələrində qarşılıqlı mübadilə imkanları mövcuddur.
Vurğulanıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində regional lider mövqeyini tədricən gücləndirir. Hazırda Avropa İttifaqının bir neçə ölkəsi ilə anlaşma memorandumu imzalanıb və Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək üçün layihə mövcuddur. Həmçinin ölkə külək enerjisi və günəş enerjisi sahələrində böyük potensiala malikdir.
Diplomat turizm sahəsində əməkdaşlığa da toxunaraq bu gün hər iki ölkə arasındakı turizm axınının artmasına baxmayaraq, hələ də əhəmiyyətli rəqəmlərə çatmadığını qeyd edib. O, meksikalılar üçün sadə elektron viza sisteminin mövcud olduğunu, onların Azərbaycanın təhlükəsizliyindən zövq alaraq rahat şəkildə səyahət edə biləcəklərini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: