Araz Əlizadə: “Onlar işlənmiş və vurulmuş kartlardır”

Araz Əlizadə: “Onlar işlənmiş və vurulmuş kartlardır”
  22 Aprel 2013    Oxunub:2574
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin AzVision.az-a müsahibəsi:


- Bu il seçki ilidir. Ölkədəki hazırkı durum necədir?
- Hazırda ölkədə sabitlikdir. Lakin bu sabitliyi pozmaq istəyirlər, amma alınmır. Mənə elə gəlir ki, alınmayacaq. Çoxlu namizədlər irəli sürülür. Bu, onu göstərir ki, ölkədə prezident seçkiləri azad keçəcək. İstənilən adam öz namizədliyni irəli sürür və iştirak edəcək. Və mən də düşünürəm k, xarici qüvvələr müdaxilə etməsə, seçkilər demokratik olacaq.

- Necə düşünürsünüz, ölkəyə müdaxilələr çoxmu olacaq?
- Bilirsiniz, xaricdə Azərbaycan Respublikasını, xüsusən Prezident İlham Əliyevin müstəqil, tarazlaşdırılmış xarici siyasət yürütməsi bir çoxlarını qıcıqlandırır. Onlar öyrəşiblər ki, yeni yaradılmış dövlətlər, Keçmiş Sovet məkanındakı ölkələr adətən onlara “ləbbeyk” desinlər. Azərbaycan isə öz maraqlarına uyğun hərəkət edir, bərabərhüquqlu dost axtarır.

- Araz bəy, artıq bir çoxları seçkilərdə iştirak üçün namizədliyini irəli sürüb. Siz necə, seçkilərə gedəcəksinizmi?
- Bizim partiyamızın 30 iyun 2012-ci ildə keçirilən 12-ci qurultayında verilən qərarı belədir ki, partiyamız seçkilərdə öz namizədilə iştirak etməlidir. Ona görə də, bizim mərkəzi komitə seçkiyə start veriləndə toplaşacaq və öz qərarını verəcək.
Bizim partiyanın belə bir qərarı da var ki, əgər öz namizədimiz qeydə alınmasa, partiya üzvləri kimə səs verəcəkləri məsələsində tam sərbəstdirlər.

- Əgər sizin namizədliyiniz irəli sürülsə, özünüzə kimi güclü rəqib görürsünüz? Eldar Namazov, İsa Qəmbər artıq namizəd olduqlarını açıqlayıblar. Onları rəqib hesab edirsinizmi?
- Mən onları rəqib saymıram. Onlar artıq işlənmiş və vurulmuş kartlardır. “El” hərəkatından gözlənti çox idi, deyirdilər ki, bu, kreativ hərəkat olacaq və s. Əslində isə baxıb görürük ki, dünən də yox, srağagünki siyasətdə olmuş insanlardır. Srağagünkü kardlarla da sabaha getmək mümkün deyil.
İsa Qəmbərə gəldikdə isə, onu artıq xalq yaxşı tanıyır. O, artıq bir dəfə qısa müddətdə də olsa, prezident səlahiyyətlərini icra edib və o dövrdə o qədər haqsızlıqlar olub ki... Eləcə də o, spiker olduğu dövrdə deputatlara qarşı haqsızlıqlar olub. Mən düşünmürəm ki, xalq onu da ciddi bir siyasi sima qəbul edir.
Əli Kərimli Prezident Adminstrasiyasında işləyib, heç nə ilə özünü biruzə verməyib. Onun bir xidməti var ki, AXC-ni partiyaya çevirə bildi.
Qalan namizədləri isə bir-bir sadalamayacağam. Mən düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz namizədliyini verəcək və əlbəttə ki, o, bu seçkinin lideridir. Ona görə də, indidən cığallığa başlayıblar ki, İlham Əliyev üçüncü dəfə öz namizədliyini irəli sürə bilməz. Bunların hamısı cəfəngiyyatdır, referenedum olub və bu məhdudiyyət götürülüb. Hardan gəlir bu, hansı qanuna əsasən deyirlər, bilinmir. Əgər ABŞ-da bu məhdudiyyət varsa, o demək deyil ki, dünyada da o cür olmalıdır. ABŞ dərk etməlidir ki, onlar dünyanın ağası deyillər. Eyni zamanda baxın görün, Helmut Kol 4 dəfə Almaniyanın kansleri oldu, heç kəs cınqırını çıxarmadı. Merkel artıq 3 dəfə olub, 4-cü dəfəyə öz namizədliyini verir. Amma heç kim heç nə demir. Yəni bunlar boş söhbətlərdir. Necə deyərlər, stəkanda fırtına yaratmaq istəyirlər. Amma alınmayacaq.

- Rüstəm İbrahimbəyov Milli Şura ideyasını irəli sürüb. Bu ideyanın irəli sürülməsi necə qiymətləndirirsiniz?
- O da elə İctimai Palatanın tayı olacaq. Cəmiyyətdə heç bir çəkisi olmayacaq və ölü doğulmuş uşaqdır.

- Araz bəy, gənclərin siyasi prosesdə iştirakını necə qiymətləndirirsiniz? Bəzən neqativ hallar da özünü biruzə verir...
- Ümumiyyətlə, gənclərin siyasi proseslərdə iştirak etməsi çox yaxşı haldır. Lakin, Azərbaycan siyasətində romantizm dövrü başa çatıb. İndi ağıllı, savadlı gənclər çalışırlar ki, özlərinə peşə kariyerası qursunlar. Və bu gənclərdə əlbəttə ki, vətənpərvərlik ruhu var.
“N!DA” hərəkatının bünövrəsi, deyəsən, düzgün qurulmayıb. Orada çoxlu ağıllı, savadlı uşaqlar var. Lakin onların başında duranlar bu gəncləri düzgün istiqamətə yönəltmirlər. Həmin gəncləri pulla şirnikləndirirlər, radikalizmə çəkirlər. Bunlar hamısı həmin gənclərin gələcəyinə böyük zərbədir.
Xalq Cəbhəsi yarananda demorkatik bir təşkilat idi, siyasi savada malik olmayan, danışmaqdan başqa heç nəyi bacarmayan insanlar onun rəhbəriyinə keçdirlər. Və xalqın başını aparıb divara çırpdılar. Həmin liderlərin özləri heç həbs olunmadılar. İsa Qəmbər Yusif Səmədoğlunun evində çay içirdi, Hikmət Hacızadə evində yatmışdı, şirin yuxular görürdü. Bunlar hamısı onu göstərir ki, bu insanlar kimisə qabağa verib, özləri kənardan müşahidə etməyi çox sevirlər.
Məsələn, baxın bu icazə verilməyən mitinqlərə. Partiyaların liderləri nə ön cərgədə gedirlər, nə də döyülürlər. Döyülən, tutulan aldanmış kəvakiblərdir, onlardan istifadə edirlər. Amma özləri kənarda qalırlar. 2003-cü ildəki prezident seçkilərini yada salsaq, görərik ki, nə qədər adam tutuldu, döyüldü və s. İsa Qəmbər isə qaçıb ABŞ səfirinin yanında oturdu ki, ona heç kəs toxunmasın. İndi “N!DA”da da belədir ki, bir neçə fəal tutulub, onlara hüquqi yarım etmək, ailələrinə baş çəkmək, gənclərə bir daha bu səhvləri etməməyi tövsiyə etmək əvəzinə, özləri kefdədirlər.

- Prezidentliyə namizədlər sırasında Rəsul Quliyev də var. O, ölkəyə gələ bilərmi?
- Məsələ bundadır ki, o, öz tərəfdarlarını bir neçə dəfə zərbə altında qoyub. Və hər dəfə də deyib ki, gəlirəm, yoldayam. Bu dəqiqə gələrəm, o dəqiqə gələrəm. Amma sonra gəlməyib, camaat da döyülüb, tutulub və s.
Mən onu ciddi bir fiqur kimi qəbul etmirəm. Bəli, pulu var, ona görə də özünü belə aparır. Amma düşünmürəm ki, o, ABŞ-da bizneslə məşğul ola bilib. Çox güman ki, əvvəllər oğurladıqlarını yeyir, amma daha o quyuya su axmır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti