İmran Xanın namizədliyi Nobel Mükafatına irəli sürülüb

   İmran Xanın namizədliyi Nobel Mükafatına irəli sürülüb
  01 Aprel 2025    Oxunub:701
Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın yaradıcısı İmran Xan Pakistan Dünya Alyansı (PWA) hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.
AzVision.az “The Times of India” nəşrinə istinadən xəbər verir ki, Pakistan Dünya Alyansı (PWA) ölkədə insan haqları və demokratik dəyərlərə verdiyi töhfələrə görə İmran Xanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.

Qeyd edək ki, İmran Xanın bu mötəbər mükafata namizədliyi ikinci dəfə irəli sürülür. 2019-cu ildə Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə o, Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərilib və ölkə parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə qəbul edilib.

Lakin “Nobel Mükafatının Kəşmirlə bağlı Pakistan-Hindistan mübahisəsinin yekun həllinə nail olan və subkontinentdə sülhə yol açan siyasətçiyə verilməli olduğunu” deyən İmran Xan bu təltifə layiq olmadığını bildirərək, namziədlikdən itina etdi.

Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistanın baş naziri olmuş İmran Xan 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya görə 14 il həbs cəzası çəkir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İmranXan   Nobel   Sülh  





Xəbər lenti