Erməni şair Azərbaycandan cavab gözləyir

Erməni şair Azərbaycandan cavab gözləyir
  28 İyul 2014    Oxunub:960
Ermənistanın Tavuş vilayətinin qubernatorunun keçmiş müşaviri, şair Lyubik Çibuxçyan Ermənistan parlamentinin deputatlarına məktubla müraciət edib.

APA-nın «news.am»a istinadən verdiyi məlumata görə, L. Çibuxçyan məktubunda deputatlardan şəxsiyyətinin vacibliyi və ölkəni tərk edəcəyi təqdirdə Ermənistanın hansı səviyyədə itki ilə üzləşəcəyi barədə izahat istəyib.

Məktub «Çiçəklənən Ermənistan» partiyasının katibi, deputat Naira Zöhrabyan və «Miras» partiyasının vitse-prezidenti Armen Martirosyana göndərilib. Lakin məktublara heç bir cavab alınmayıb.

L. Çibuxçyan sayta açıqlamasında deyib ki, deputatlardan ona heç nə lazım deyil: “Sadəcə mən onlara izah etdim ki, Ermənistan mənim kimi istedadlı insanı itirəcək».

O, Azərbaycan tərəfindən də hələ ki, cavab almadığını, lakin ümidini itirmədiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, Tavuşun yeni qubernatoru tərəfindən işdən çıxarılan L. Çibuxçyan siyasi sığınacaq almaq üçün bir müddət əvvəl Azərbaycana müraciət edib. Qubernatorun keçmiş müşaviri mətbuata açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyana yazdığı 13 məktuba cavab verilmədiyini qeyd edib. O, prezident tərəfindən ona verilən mənzilin əlindən alındığını, Tavuşun yeni qubernatoru və müdafiə naziri Seyran Ohanyan tərəfindən aldadıldığını da bildirib.

Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik, nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin Rekordları Kitabına düşüb.


Teqlər:





Xəbər lenti