Tramp yaşıl enerjini təhlükə altına qoyur

   Tramp yaşıl enerjini təhlükə altına qoyur
  07 Aprel 2025    Oxunub:443
ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni idxal tarifləri ölkədə bərpa olunan enerjinin inkişafına ciddi zərbə vura bilər. Çünki ABŞ bu sahədə əhəmiyyətli dərəcədə komponentlərin xaricdən idxalından asılıdır.
AzVision.az xəbər verir ki, ekspertlərin rəyinə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Mövcud problem ondan ibarətdir ki, ABŞ-də bir çox bərpa olunan enerji sektorları günəş, külək və batareyalar üçün hələ də kifayət qədər geniş yerli təchizat zəncirinə malik deyil. Xaricdə alış-veriş etməkdən başqa seçimlərimiz azdır”, - “Jefferies” investisiya bankının analitiki Julyen Dyumulen-Smit deyib.

Qəzetin yazdığına görə, bərpa olunan mənbələrdən enerji almaq üçün zəruri sayılan litium-ion batareyalarının tədarükündə ABŞ 90% Çindən asılıdır. Yeni tarifləri və əvvəllər tətbiq edilən sənaye rüsumlarını nəzərə aldıqda, ABŞ-nin Çindən akkumulyatorları idxalı 2026-cı ilə qədər 82,4%-ə çata bilər.

Pinqvinlər də rüsum ödəyəcək?
Birləşmiş Ştatlar həmçinin Çin, Vyetnam, Cənubi Koreya və Avropa İttifaqından (Aİ) sənaye üçün lazım olan digər komponentlərin və materialların 90%-ə qədərini idxal edir. Beləliklə, “Wood Mackenzie” şirkətinin analitiklərinin fikrincə, külək enerjisi üçün tariflərin 25% müəyyən edilməsi bu layihələrin dəyərini ən azı 7% artıracaq.

- Sənaye ikiqat zərbəyə məruz qalacaq: artan tariflərə əlavə olaraq, ənənəvi yancaq növlərinə üstünlük verən Tramp administrasiyası bərpa olunan enerji mənbələrini dəstəkləmək üçün proqramları azaldır. Co Bayden dövründə tətbiq edilən bir çox subsidiya və təşviqlər artıq aradan qaldırılıb və bu sektorda qeyri-sabitliyə səbəb olub”, - Trampın yaşıl enerji üçün büdcədən maliyyələşməsini tamamilə dayandıracağından ehtiyatlanan şirkətlər vurğulayırlar.

ABŞ-də bərpa olunan enerji üçün komponentlərin istehsalı Bayden dövründə aktiv şəkildə inkişaf etsə də, bu irəliləyiş hətta minimal muxtariyyət əldə etmək üçün kifayər deyil. Yeni ticarət siyasəti həm də amerikan akkumulyator və digər komponentlər istehsalçılarına zərbə vura bilər. Çünki artan xammal qiymətləri və dövlət dəstəyinin olmaması onların rəqabət qabiliyyətini pisləşdirəcək.

Xatırladaq ki, aprelin 2-də Donald Tramp Çin və Aİ daxil olmaqla 183 ölkədən idxala 10%-dən 50%-ə qədər “ədalətli” tariflər tətbiq etdiyini açıqlayıb. O, bu qərarı ABŞ iqtisadiyyatı üçün “dönüş məqamı” adlandıraraq, digər ölkələri onilliklər ərzində ABŞ-nin ticarət siyasətində mövcud olan zəifliklər nəticəsində qazanc götürməkdə ittiham edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   yaşılenerji   zərbə  





Xəbər lenti