Dövlət siyahısına daxil edilən abidələrə pasport veriləcək

   Dövlət siyahısına daxil edilən abidələrə pasport veriləcək
  07 Aprel 2025    Oxunub:398
Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək.
Bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişiklik layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb.

Azərbaycan Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, "İçərişəhər Dövlət Tarix Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər. Həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə əsasən qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.

Sənəddə qeyd edilib ki, bu hal dövlət mühafizəsinə götürülmüş abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin-pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır. Bu baxımdan daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.

Müzakirə olunan dəyişiklik məhz dövlət siyahısına daxil edilən mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti