Türkiyədən İsrailə məsləhət

“İsrail xarici siyasətində daha məsuliyyətli olmalıdır. Seçdiyi strategiya - xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələr verəcək. Ola bilsin ki, onun həyata keçirdiyi təxribatlar hansısa taktiki məsələləri həll etsin, amma strateji müstəvidə dəyən ziyan bundan qat-qat ciddi olacaq”, - Suriya-İsrail sərhədindəki mövcud vəziyyəti şərh edən Hakan Fidan vurğulayıb.
Onun fikrincə, İsraildə iki əsas siyasi istiqamət var: birincinin tərəfdarları region ölkələri ilə “qarşılıqlı hörmət əsasında” münasibətlər qurmağa çalışırlar, ikinci qrup isə qonşularını zəiflətməklə yəhudi dövlətinin təhlükəsizliyini qorumaq istəyirlər. İsrailin hazırkı baş naziri Binyamin Netanyahu məhz ikinci cərəyanın təmsilçisidir.
- Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və bu, heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, lakin bir çox problemlərə səbəb olub”, - Türkiyə XİN-in rəhbəri bildirb.
Xatırladaq ki, aprelin 2-də axşam saatlarında İsrail Hərbi Hava qüvvələrinin qırıcıları Suriyanın mərkəzindəki Həma və Höms əyalətlərindəki hərbi aerodromlara hücum edib. İsrail aviasiyası onlara 20-dən çox zərbə endirib. Zərbələrin əksəriyyəti Dəməşqdən 220 km aralıda, eyni adlı əyalətin inzibati mərkəzi olan Həma şəhəri yaxınlığındakı keçmiş aviabazaya yönəlib. Dəməşqdən 240 km uzaqda yerləşən Palmira şəhəri yaxınlığındakı T4 aerodromu və paytaxtın Masakin Berzi rayonundakı hərbi obyekt də atəşə tutulub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə İsrail məsləhət