Nazir: Bir elmi məqalə ortalama 35 min manata başa gəlir

      Nazir:    Bir elmi məqalə ortalama 35 min manata başa gəlir
  08 Aprel 2025    Oxunub:1025
Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə, ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir. Bu isə elmi fəaliyyətin maliyyələşdirilməsi və səmərəliliyi məsələlərinin yenidən dəyərləndirilməsini zəruri edir.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elm Festivalında çıxışı zamanı səsləndirib. Nazir bildirib ki, hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 140-a yaxınının böyük əksəriyyətində effektiv elmi məhsul istehsalı müşahidə olunmur: "Bəzi qurumlarda maliyyələşmə mövcuddur, bəzilərində isə bu sahədə problemlər var. Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticə yönümlü sistemin qurulmasıdır”, – deyə nazir qeyd edib.

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Elmin populyarlaşdırılması və cəmiyyət üçün anlaşıqlı dildə təqdim olunması bu sahədə əsas çağırışlardan biridir.

“Alimlik uzunmüddətli fədakarlıq tələb edir. Elmi izah edərkən biz tez-tez müxtəlif indekslərdən və adambaşına düşən statistik göstəricilərdən danışırıq. Lakin elmin təsvir dilini daha sadə və əlçatan etmək vacibdir”, – deyə nazir vurğulayıb. O əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri də elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. Uzun illər ərzində bu iki sahə ölkəmizdə bir-birindən ayrı inkişaf edib. “Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır”, – deyə nazir fikrini tamamlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti