ABŞ narkokartellərə müharibə elan etdi
-1744115761.jpg)
“Ağ Ev, Pentaqon və Amerika kəşfiyyatı planlaşdırmanın ilkin mərhələsindədir. Prioritet əməliyyatın Mexiko ilə birgə həyata keçirilməsidir, çünki hava hücumları üçün Meksika hakimiyyət orqanlarının razılığı tələb olunur. Bununla belə, diplomatik böhrana səbəb ola biləcək birtərəfli fəaliyyət variantı da müzakirə edilir”, - məlumatda deyilir.
Amma mənbələr bu məsələdə Amerika administrasiyasında birlik olmadığını bildiriblər. Çoxları Meksika ilə koordinasiya olmadan endiriləcək zərbələrin ikitərəfli münasibətlərə xələl gətirə və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı təhlükə altına qoya biləcəyini düşünürlər.
Bununla belə, Vaşinqton narkokartellərə qarşı gizli əməliyyatların keçirilməsini istisna etmir. Meksikanın prezidenti Klaudiya Şeynbaumun icazəsi ilə artıq ABŞ kəşfiyyatı və hərbçiləri məlumat toplamaq üçün bu ölkə üzərində pilotsuz təyyarələrin uçuşlarını artırıblar.
- Vaşinqtonun istənilən birtərəfli hərəkəti beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər. Bu, xaosa gətirib çıxaracaq və mahiyyətcə müharibə elanı demək olacaq”, - Meksikanın ABŞ-dəki keçmiş səfiri Arturo Saruxan xəbərdarlıq edib.
Xatırladaq ki, Birləşmiş Ştatlar bundan əvvəl “Sinaloa”, “Jalisco Nueva Generacion” və “Clan del Golfo” qruplaşmaları da daxil olmaqla səkkiz böyük narkokarteli xarici terror təşkilatları siyahısına daxil edib. Prezident Tramp həmçinin Meksika sərhədində fövqəladə vəziyyət elan edən fərman imzalayıb və mövcud vəziyyəti “fəlakətli işğal” adlandırıb.
ABŞ-nin Müdafiə naziri Pit Heqset isə daha əvvəl narkokartellərə qarşı hava hücumlarının nəzərdən keçirilən seçim olaraq qaldığını bəyan etmişdi.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Meksika narkokartel