“ASAN xidmət”in “RoboCode” düşərgəsi başa çatıb

“ASAN xidmət”in “RoboCode” düşərgəsi  başa çatıb
  08 Aprel 2025    Oxunub:733
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “RoboCode” robotik kodlama düşərgəsi yekunlaşıb.
Komandalar tərəfindən hazırlanan robot prototipləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə əsasən 1-ci yerə “A4T” komandası, 2-ci yerə “Medbot” komandası, 3-cü yerə isə “Waymate” komandası layiq görülüb.

Qalib komandalara mükafatlar təqdim olunub həmçinin onlar “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək hüququ qazanıblar. Bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib və kriteriyalara əsasən seçilmiş 70 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlimlərə “ROS-un əsasları”, “Robotların simulyasiyası”, “Robot hərəkət sistemləri” və digər texnoloji mövzular daxil olub.

“RoboCode” düşərgəsi 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən ölkəmizdə artıq ikinci dəfə təşkil olunur.

Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti