ABŞ kosmosda silah yerləşdirir - Generaldan çağırış

   ABŞ kosmosda silah yerləşdirir    - Generaldan çağırış
  09 Aprel 2025    Oxunub:850
ABŞ kosmosda silah yerləşdirməlidir.
"Defense One"nin yaydığı məlumata görə, bunu ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq deyib.

"Artıq vaxt yetişdi. Açıq şəkildə bəyan edə bilərik ki, bizə kosmosda atəş, zərbə gücü və silah sistemləri lazımdır. Bizə həmçinin orbitdə zəbtedici qurğular da lazımdır. Bu silahlar kosmos münaqişəsinin qarşısını almaq və konfliktə girdiyimiz təqdirdə uğurlu olmaq üçün gərəkir", - hərbi nəşr generalın sözlərindən sitat gətirib.

“Ulduz müharibələri” mövzusu yenidən aktuallaşıb
Qeyd olunub ki, əvvəllər ABŞ rəsmiləri, xüsusən də kosmosda silahlanma yarışının başlanması qorxusuna görə belə çağırışlardan çəkinirdilər.

Uaytinq “Dəmir Qübbə” raketdən müdafiə sisteminin inkişafı çərçivəsində kosmosda da qurğuları ələ keçirən xüsusi sistmelərin yerləşdirilməsinin vacibliyini vurğulayıb.

“Silahların kosmosda istifadəsi əvvəllər ağlasığmaz proses hesab edilirdi. Lakin indi kosmosa əsaslanan xüsusi qurğular bizim mümkün qələbəmizin əsas komponentidir",- ABŞ Kosmik Komandanlığının rəhbəri deyib.

Generalın sözlərinə görə, ABŞ Kosmik Qüvvələri bu sahədə Çinin texnoloji tərəqqisini izləmək üçün innovativ sistemləri qəbul etməlidir. O, xüsusilə, “dinamik kosmik əməliyyatların” həyata keçirilməsi üçün orbital yanacaqdoldurma və peyk təmiri sistemlərinin hazırlanmasının vacibliyini vurğulayıb.

1967-ci ildə imzalanmış Kosmos Müqaviləsinə əsasən, ölkələr kosmosda heç bir kütləvi qırğın silahı yerləşdirə bilməzlər. Müqavilədə digər silah növləri göstərilməyib. Ötən il isə Rusiyanın kosmosda silah yerləşdirməyə hazırlaşması barədə məlumatlar yayılırdı. Əslində isə Moskvanın kosmosda silah yerləşdirməməklə bağlı 2004-cü ildən xüsusi təşəbbüsü var. “The New York Times” qəzetinin iddiasına görə, Rusiyanın növbəti addımı isə bu müqavilədən çıxmaq ola bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Kosmos   Silah  





Xəbər lenti