“Ulduz müharibələri” mövzusu yenidən aktuallaşıb
Son nəticədə bu təhlükənin nədən ibarət olması barədə ABŞ mediasının topladığı məlumat müəyyən mənada aydınlıq gətirdi. Söhbət Rusiyanın kəşfiyyat və rabitə ilə məşğul olan Amerika peyklərini sıradan çıxarmaq üçün kosmosda yerləşdirilmiş nüvə silahından istifadə etməyə cəhd göstərə biləcəyindən gedir.
Ağ Ev administrasiyasındakı anonim mənbələr bu “yeni kosmik təhlükə sisteminin” mahiyyətinin məlum olmadığını bildirsələr də, konqresmenlər artıq onu "geostrateji “game changer” – oyunun qaydalarını dəyişə biləcək təhlükə” adlandırıblar.
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə Törnerin məxfi məlumatları Konqresə yaymasından narazılığını ifadə edib.
“Mənimlə oturub vəziyyəti müzakirə etmədən konqresmen Törnerin belə açıq bəyanat verməsindən çox təəccübləndim. Amma bu onun öz işidir. Təhdidlərlə bağlı indi heç nə deyə bilmərəm. Nəticə çıxarmaq hüququnu sizə saxlayıram. Məlumatın məxfilikdən çıxarılması üçün isə prezident Bayden əm müxtəlif strateji yollardan istifadə edəcək” , - Sallivan jurnalistlərə açıqlamasında deyib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi artıq prezident Co Baydenin orbitdəki digər peykləri məhv edə biləcək sistemin inkişafı ilə bağlı Rusiya ilə birbaşa dialoqa girmək barədə göstəriş verdiyini açıqlayıb.
“Onlar hələ də bu bacarığı inkişaf etdirirlər. Biz hələlik bunun üçün mövcud olan məlumatları təhlil edirik. Biz Rusiya tərəfi ilə kontakta getdik, lakin indiki mərhələdə əsl danışıqlar barədə qərar verilməyib”, - Kirbi Co Baydenin əmrinin təfərrüatlarını açıqlamadan bəyan edib.
Rusiyanın “kosmosda yerləşəcək” peyk əleyhinə silahlar hazırladığına Vaşinqtonun inandığını təsdiqləyən Kirbi bildirib ki, bu, quraşdırılmış işləyən bir sistem deyil. Onun sözlərinə görə, Rusiyanın belə bir sistem yaratmaq istəyi narahatlıq doğursa da, söhbət insanlara hücum etmək və ya Yer kürəsində fiziki məhvə səbəb ola biləcək silahlardan getmir. Bununla belə Vaşinqton Moskvanın iddia edilən planlarını “kosmos müqaviləsinin pozulması” kimi qiymətləndirəcək.
1967-ci ildə imzalanmış Kosmos Müqaviləsinə əsasən, ölkələr kosmosda heç bir kütləvi qırğın silahı yerləşdirə bilməzlər. Müqavilədə digər silah növləri göstərilməyib. Rusiyanın kosmosa ilk silah yerləşdirməmək təşəbbüsü 2004-cü ildən mövcuddur. “The New York Times” qəzetinin iddiasına görə, Rusiyanın növbəti addımı isə bu müqavilədən çıxmaq ola bilər.
Qəzet onu da yazır ki, sözügedən kompleks kosmik fəzaya yerləşdirilsə, o, yalnız “sputniklərin qatili” olmayacaq, həm də yerüstü rabitə qovşaqlarını və hərbi komanda məntəqələrini məhv edə biləcək. ABŞ-nin isə hazırda bunun qarşısını ala biləcək texniki imkanları yoxdur.
Qeyd edək ki, nüvə silahlarının kosmosda yerləşdirilməsinin mümkünlüyü barədə qeyri-müəyyən narahatlıqlar xeyli əvvəl, təxminən yarım əsr əvvəl yaranmışdı. Bu, hətta 60-cı illərin sonlarında “Ulduz Müharibələri” blokbasterinin bir epizodunun mövzusuna çevrildi. Birləşmiş Ştatlar bu texnologiyadan istifadənin müxtəlif versiyalarını sınaqdan keçirsə də bu, baş tutmadı.
Marqaqlıdır ki, bu istiqamətdə daha irəli gedən Rusiya 2001-ci ildə yerdən raket buraxaraq öz istismar müddətini bitirmiş köhnə sovet sputnikini göydə məhv etdi. Məhz onda Vaşinqtonda ilk dəfə təsəvvür etdilər ki, kosmosda yerləşdirilən Rusiya silahları Amerika peyklərini vursa və onun kosmosdan istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa nələr baş verə bilər.
Yeri gəlmişkən, hələ 2019-cu ilin yanvarında dərc edilən “ABŞ-nin Raketdən Müdafiə siyasətinin icmalı” nda kosmosa əsaslanan raketdən müdafiə qüvvələrinin formalaşdırılmasına ciddi diqqət yetirilir. 2017-ci ildə isə ABŞ-nin o vaxtkı prezidenti Donald Tramp raketdən müdafiə sistemini təkmilləşdirmək və Rusiya, Çin, İran və Şimali Koreya kimi rəqiblərin qarşısında üstünlüyünü qorumaq üçün Vaşinqtonun kosmik imkanlar da daxil olmaqla yeni texnologiyalar inkişaf etdirəcəyini açıqlamışdı.
Trampın sözlərinə görə, yeni strategiya digər məsələlərlə yanaşı, potensial düşmən tərəfindən raket buraxılışlarına operativ reaksiya vermək üçün kosmosun Yerə yaxın orbitində xüsusi aşkarlama avadanlığının yerləşdirilməsini nəzərdə tuturdu.
Onda bir sıra ekspertlər Trampın bəyanatını keçmiş ABŞ prezidenti Ronald Reyqanın 1980-ci illərdə gündəmə gətidriyi “Ulduz Müharibələri” adlı Strateji Müdafiə Təşəbbüsünü (SMT) xatırlatdığını bildirdilər.
Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika hakimiyyətinin Moskvanın kosmik təhdidləri barədə bəyanatlarını “növbəti hiylə” adlandırıb.
“Ağ Ev, sadəcə, yalan-doğru Konqresi Ukraynaya pul ayrılması ilə bağlı qanun layihəsini səsə qoymağa sövq etməyə çalışır” , - Peskov vurğulayıb.
Rusiyanın kosmosdan təhlükəsi mövzusunun Ukraynaya hərbi yardım haqqında qanun layihəsi ətrafında müzakirələr fonunda yaranması və Ağ Evin cəhdlərinə rəğmən, Konqresin Nümayəndələr Palatasının onu qəbul etməməsi Moskvanın iddiası ilə tam uzlaşır. Lakin Con Kirbi Kremlin belə yanaşmasını “cəfəngiyyat” adlandırıb.
Moskvanın təkziblərinə baxmayaraq, ABŞ-nin Müdafiə nazirinin müavini Ketlin Xiks, hər ehtimala qarşı, Birləşmiş Ştatların, demək olar ki, hər həftə daha kiçik, ucuz və möhkəm peyklərdən ibarət sputniklərin buraxılmasına keçdiyini deyib.
Bu proqram çərçivəsində Pentaqon artıq “Proliferated Warfighter Space Architecture” planının bir hissəsi kimi orbitə raket izləmə sisteminin prototipini buraxıb. Məqsəd Yer orbitinin aşağı hissəsini yüzlərlə kiçik, ucuz qiymətli peyklərlə əhatə etməkdir. Bu hesablamalara görə, düşmənlər bəzi Amerika peyklərini söndürə bilsə belə, sistem orbital şəbəkədəki digər cihazlara keçərək işləməyə davam edəcək. Pentaqonun Kosmik İnkişaf Agentliyi bu məqsədlərə beş il ərzində təxminən 14 milyard dollar xərcləməyi planlaşdırır.
Beləliklə, çox maraqlı mənzərə alınır. Ötən əsrin 80-ci illərində ABŞ Moskvanı Əfqanıstana müdaxilə və “Ulduz Müharibələri” (SMT) çərçivəsində nüvə silahlanması yarışı avantürasına çəkməklə onun maliyyə qüdrətini sarsıtdı ki, bu da son nəticədə SSRİ-nin süqutuna gətirib çıxardı.
Əfqanıstanda ABŞ-nin silahlandırdığı və maliyyələşdirdiyi qüvvələr həqiqətən də SSRİ-nin cənub sərhədləri üçün real təhlükə olsalar da, Moskvanı nüvə silahlanması yarışına sövq etmək üçün SMT-nin blef olduğu sonradan sübuta yetdi. Amma bu sübuta yetəndə artıq iş-işdən keçmişdi. Yeri gəlmişkən, Əfqanıstan və nüvə silahlanması yarışı kimi avantüralara dəfələrlə toxunan Vladimir Putin Rusiyanın belə səhvlərə yol verməyəcəyini vurğulayıb.
İndi isə biz tam fərqli mənzərənin şahidi oluruq. Əgər Amerika tərəfinin yaydığı məlumatlar həqiqəti əks etdirirsə, belə çıxır ki, bu dəfə Moskva Vaşinqtonu kosmik fəzada silahlanma yarışı avantürasına sövq edir. Amma problem ondadır ki, ABŞ-nin milli valyutasının dünyanın ehtiyat valyutası kimi qalacağı bütün müddət ərzində Vaşinqton belə avantüralara trilyonlarla dollar xərcləyə bilər. Rusiya isə belə imkandan məhrumdur. Özü də ağır müharibə və misilsiz sərt sanksiyaların tətbiqi fonunda. Bu baxımdan, Moskvanın belə təhlükəli oyuna başlaması bu dəfə Rusiyanın parçalanması ilə nəticələnə bilər.
Sahil İsgəndərov, politoloq
AzVision.az
Teqlər: Ulduz müharibələri