Gürcüstan parlamentinin qarşısında gərginlik yaşanır - VİDEO

   Gürcüstan parlamentinin qarşısında gərginlik yaşanır    - VİDEO
  09 Aprel 2025    Oxunub:679
Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla naməlum şəxslər arasında bir neçə toqquşma baş verib. Şifahi təhqirlə çüşaiyət olunan mübahisə sonradan toqquşmaya çevrilib.
AzVision.az Gürcüstanın “Pirveli” telekanalına istinadən xəbər verir ki, bura toplaşanların narazılığına həm də Qldanidən olan majoritar deputat Konstantin Zarnadzenin Rustaveli prospektinə gəlməsi səbəb olub. Qanunverici orqanın qarşısına toplaşanlar “rus” şüarları səsləndirərək Zarnadzenin 9 aprel memorialına çatmasına mane olublar. Media, həmçinin etirazçıların baş nazir İrakli Kobaxidzenin kürəkəni David Patsatsiyaya eyni imkanı vermədiklərini bildirir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasına bitişik əraziyə səfərbər ediliblər.

Yayımlanan məlumatlara əsasən, etirazçılar hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının tərəfdarlarına 1989-cu il aprelin 9-da nümayişin dağıdılması zamanı həlak olanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoymağa icazə vermirlər. Memorialı Gürcüstan prezidenti Mixail Kavelaşvili, baş nazir İrakli Kobaxidze və hökumət üzvlərinin ziyarət edəcəyi gözlənilir.

Çərşənbə günü Tbilisidə hökumət rəsmilərinin memoriala yaxınlaşmasının qarşısını almaq üçün etirazçılar gecəni parlament binası qarşısında keçiriblər.

Xatırladaq ki, 1989-cu il aprelin 9-da Tbilisidə Gürcüstan SSR parlamentinin binası qarşısında keçirilən müstəqillik uğrunda on minlik mitinq sovet qoşunları tərəfindən dağıdıldı, 21 nümayişçi həlak oldu. Həmin faciədən düz iki il sonra Gürcüstan SSR-in Ali Sovetinin o vaxtkı sədri Zviad Qamsaxurdiyanın (1991-ci ilin mayından 1992-ci ilin yanvarınadək ölkənin prezidenti olub) təşəbbüsü ilə parlament ölkənin müstəqilliyinin bərpası haqqında akt qəbul edib.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   memorial   qarşıdurma  





Xəbər lenti