Çin ABŞ neftindən tamamilə imtina edəcək

Çin ABŞ neftindən tamamilə imtina edəcək
  10 Aprel 2025    Oxunub:647
Amerika Birləşmiş Ştatları və Çin arasında ticarət münaqişəsinin kəskinləşməsi nəticəsində yaxın gələcəkdə Amerikanın Çinə neft tədarükü demək olar ki, sıfıra enəcək.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Çinin ABŞ-dən neft idxalı son illərdə artıb. Lakin 2025-ci ildə Tramp administrasiyası tarifləri qaldırdıqdan sonra bu müstəvidə azalma müşahidə olunur.

“Mövcud tariflər qorunub saxlanılarsa, Çinin ABŞ-dən xam neft idxalı yaxın aylarda sıfıra enəcək", - “Vortexa” konsaltinq şirkətinin analitiki İvan Metyuz bildirib.

Əslində ABŞ-dən yanacaq tədarükü Çin üçün həyati əhəmiyyət kəsb etmir və 2025-ci ilin ilk aylarında Çinin ümumi idxalının təxminən 1%-nə bərabər olub. İndi dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət müharibəsi fonunda bu mənbə də quruyur.

- Çinin Amerika mallarına rüsumları 84%-ə qaldırması nəticəsində ABŞ-nin xam neftinin dəyəri təxminən iki dəfə artaraq bir barrel üçün 51 dollara çatacaq ki, bu da onun emalını Çinin neftayırma zavodları üçün sərfəli etməyəcək”, - İvan Metyuz vurğulayıb.

Onun fikrincə, indi Amerika yanacağının bir hissəsi Asiyadakı digər alıcılara yönəldiləcək. Çin bunu Oman və ya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi Yaxın Şərq ölkələrindən neft almaqla kompensasiya edə bilər. Pekin Rusiya və İrandan enerji alışını da artıra bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   neft  





Xəbər lenti