“Ticarət savaşı” Trampın özünə də baha başa gəlir

   “Ticarət savaşı” Trampın özünə də baha başa gəlir
  10 Aprel 2025    Oxunub:649
Geniş miqyaslı və yüksək rüsumların tətbiqi barədə qərar verdikdən sonra ABŞ prezidenti Donald Trampın sərvəti yüz milyonlarla dollar azalıb.
AzVision.az xəbər verir ki, “Forbes” nəşrinin məlumatına görə, əgər aprelin 2-də ABŞ prezidenti Donald Trampın sərvəti 4,7 milyard dollar civarında qiymətləndirilirdisə, bir həftə sonra bu artıq 4,2 milyard dollar olub. Yəni, “ticarət savaşı”nın təşəbbüskarının özü 500 milyon dollar itirib.

“Məsələ ondadır ki, tariflərin tətbiqinə kütləvi çöküşlə reaksiya verən bütün bazarlarla bərabər onun səhmlərinin və şəxsi aktivlərinin dəyəri də aşağı düşüb. Ən çox itirən onun ən qiymətli aktivi, son üç ticarət günü ərzində 8 faiz ucuzlaşan “Trump Media və Texnologiya Qrupu” olub. Bu şirkətdə Trampın paketi indi 2,2 milyard dollardan əvəzinə 2 milyard dollara dəyərindədir”, - nəşr yazır.

Bundan əlavə, Amerika prezidentinin kommersiya daşınmaz əmlak sektorundakı aktivləri də qiymətdən düşüb: təxminən 90 milyon dollar. Jurnal Trampın portfelinin (“Vornado”, “Trump Tower” və “40 Wall Street” şirkətləri daxildir) hazırda 570 milyon dollar dəyərində olduğunu təxmin edir. Müqayisə üçün bildirilir ki, bir həftə əvvəl bu rəqəm 660 milyon dollara bərabər idi.

Həmçinin, Trampla əməkdaşlıq edən “Vornado Realty Trust” investisiya fondunun qiymətli kağızlarının 14 faiz ucuzlaşdığı da vurğulanır. “Forbes” jurnalı Trampın qolf biznesinin də ucuzlaşmağa başladığına diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   sərvət   itkilər  





Xəbər lenti