Tehranın Trampa təklifi var

   Tehranın Trampa təklifi var
  11 Aprel 2025    Oxunub:736
İran ABŞ ilə Omanda keçiriləcək danışıqlarda “müvəqqəti nüvə sazişi” barədə müzakirə aparmağı təklif edə bilər.
AzVision.az xəbər verir ki, mənbələrə istinadən bu barədə məlumat yayan “Axios” portalının yazdığına görə, İran rəsmiləri iki ay ərzində “texniki cəhətdən mürəkkəb” hərtərəfli sazişin razılaşdırılmasının real olmadığını düşündüklərini və gərginliyin qarşısını almaq üçün daha çox vaxt istədiklərini bildiriblər.

“Müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi işlərinin bir hissəsinin dayandırılmasını, 60% zənginləşdirilmiş uran ehtiyatının azaldılmasını və BMT müfəttişlərinə ölkənin nüvə obyektlərinə daha çox girişin verilməsini nəzərdə tuta bilər. Razılaşmanın bir hissəsi kimi İran həmçinin ABŞ prezidenti Donald Trampdan İran iqtisadiyyatına “maksimum təzyiq” kampaniyasını dayandırmağı tələb edə bilər. Lakin onun buna razı olub-olmayacağı bəlli deyil”, - portal vurğulayır.

Tehran MAQATE-nin müfəttişlərini qovacağı ilə hədələyib
Xatırladaq ki, ikinci prezidentlik müddətinin başlamasından sonra Tramp İrandan ABŞ-nin 2018-ci ildə çıxdığı təşəbbüsü əvəzləmək üçün nüvə sazişi üzrə danışıqlara başlamağı tələb edib. Tehran danışıqlara yalnız vasitəçilik mexnizmi əsasında razılaşıb. İki ölkənin nümayəndə heyətləri aprelin 12-də Omanda görüşəcək. Həmin gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın “yüksək səviyyəli nümayəndəsi” ilə birbaşa danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, bu arada İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şamxani ABŞ və İsrailin Tehranı hərbi güclə hədələməyə davam edəcəyi halda, İranın MAQATE ilə əməkdaşlığı dayandıracağı və agentliyin müfəttişlərini ölkədən qova biləcəyini deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   İran   ABŞ   təklif  





Xəbər lenti