Amerika səfirlikləri kütləvi şəkildə bağlanacaq

   Amerika səfirlikləri kütləvi şəkildə bağlanacaq
  16 Aprel 2025    Oxunub:797
ABŞ-nin Dövlət departamenti xaricdəki 30-a yaxın diplomatik missiyasını bağlamağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin daxili sənədinə istibad edən “New York Times (NYT)” nəşri belə məlumat yayıb.

Amerika mediası hələ mart ayında xarici nümayəndəliklərin və orada çalışan personalın planlaşdırılan ixtisarı barədə məlumat vermişdi, lakin o vaxt söhbət yalnız on konsulluğun bağlanmasından gedirdi.

“NYT” qəzetinin yazdığına görə, bağlanması planlaşdırılan diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrikada yerləşir. Bunlar Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadır. Bu ölkələrin hamısında Amerika öz səfirliklərini bağlaya bilər.
Sənəddə həmçinin Somalidəki səfirliyin və Bağdaddakı Diplomatik Dəstək Mərkəzinin ya tamamilə bağlanması, ya da əhəmiyyətli dərəcədə ixtisarı təklif edilir.

İxtisar üçün tövsiyə edilən konsulluqların əksəriyyəti isə Avropada yerləşir. Onlardan beşi

Fransada (Bordo, Lion, Marsel, Renn, Strasburq), ikisi Almaniyada (Düsseldorf, Leypsiq), ikisi Bosniya və Herseqovinadadır (Mostar və Banya Luka). Yunanıstan, İtaliya, Portuqaliya, Böyük Britaniya, Kamerun, İndoneziya, Cənubi Afrika Respublikası və Koreya Respublikasının hərəsində bir konsulluq bağlana bilər.

- Bu planlar reallaşarsa, ABŞ Avropa, Afrika və Şərqi Asiyadakı diplomatik nümayəndəliklərin sayına görə birinci yeri Çinə verəcək”, - nəşr diqqətə çatdırır.

Bundan əvvəl “The Washington Post (WP)” qəzeti ABŞ prezidenti Donald Trampın administrasiyasının Dövlət departamentinə ayrılan büdcə vəsaitlərini, demək olar ki, yarıya qədər azaltmağı planlaşdırdığını yazmışdı. Qəzetin məlumatına görə, beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi daha böyük ölçüdə - təxminən 90 faiz azalacaq. MAQATE və ICAO kimi ayrı-ayrı təşkilatlar istisna olmaqla, BMT, NATO və digər 20 beynəlxalq qurumun sülhməramlı əməliyyatlarınının maliyyələşdirilməsini dayandıracaq.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   ABŞ   səfirliklər   bağlanma  





Xəbər lenti