Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini qeyd edərək bildirib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.
M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.
O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 21-də davam etdiriləcək.
AzVision.az
Teqlər: