"Azercell"in dəstəyi ilə "EGOI 2025"ə seçmə imtahanı keçirilib

"Azercell"in dəstəyi ilə "EGOI 2025"ə seçmə imtahanı keçirilib
  19 Aprel 2025    Oxunub:1149
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər.
12-13 aprel tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə qızlardan ibarət milli olimpiada komandasına seçmə imtahanı baş tutub.

Ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verildi. Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və bacarıqlarını sınamaq fürsəti əldə etdilər. İki gün davam edən seçim mərhələsi zamanı iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş etdirdilər.

Seçmə imtahanının nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri müəyyən edilib. Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla Hacızadə daxil olublar. Qızlar ölkəmizi 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək EGOI 2025-də təmsil edəcəklər.

Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyilə xüsusi hazırlıq dərslərinə qatılır.

AzVision.az

Qalereya




Teqlər: Azercell  





Xəbər lenti