Çin 3 astronavtı kosmosa göndərir

Çin 3 astronavtı kosmosa göndərir
  24 Aprel 2025    Oxunub:339
Kosmik stansiyada fəaliyyət göstərmək üçün Çin növbəti astronavtlar qrupunu - “Şencou-20” (Shenzhou-20) missiyasını kosmosa göndərir.
Çinin Kosmos Agentliyinin yaydığı məlumata görə, “Şencou-20” missiyasında kosmosa Çen Don, Çen Conruy və Van Cie uçacaq.

Ciuçuan kosmodromunda yolasalma mərasimi bitdikdən sonra astronavtları orbitə aparacaq daşıyıcı raketin buraxılışı olacaq. Onlar “Şencou-19” missiyasının astronavtlarını əvəzləyərək, 6 ay kosmik stansiyada qalacaq, müxtəlif tədqiqat və texniki tapşırıqları, o cümlədən bioloji və fiziki araşdırmalar, texnoloji eksperimentlər yerinə yetirəcəklər. Bu, Çinin orbitə göndərdiyi 15-ci pilotlu missiyası olacaq.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.

Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
AzVision.az



Teqlər:





Xəbər lenti