BAEA nümayəndə heyəti İrana gedib

   BAEA nümayəndə heyəti İrana gedib
  28 Aprel 2025    Oxunub:369
Tehran ilə Vaşinqton arasında yenidən başlayan nüvə danışıqları fonunda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki məsələlər üzrə nümayəndə heyəti müzakirələr məqsədilə İrana səfərə yollanıb.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında məlumat verib. O söyləyib ki, qonaqlar hökumət üzvləri ilə görüşlər keçirəcəklər.

Xatırladaq ki, İran özünün nüvə proqramı ilə əlaqədar ABŞ ilə də danışıqlara yenidən başlayıb. Bu danışıqların ilk iki mərhələsi Omanın paytaxtı Məsqət və İtaliyanın paytaxtı Roma şəhərlərində baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. İranın xarici işlər naziri Abbas Əraqçi ötən günlərdə BAEA-nın bu danışıqlara qoşulacağını diqqətə çatdırmışdı.
Tramp Xamenei ilə görüşmək istəyir

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində bildirib ki, nüvə danışıqları fonunda İranın ali dini lideri Əli Xamenei və Prezident Məsud Pezeşkiyanla görüşməyə hazırdır.

"Hərçənd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün tezliklə razılığa gəlməsək, İrana qarşı hərbi əməliyyat variantını nəzərdən keçirəcəyik", - ABŞ lideri söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BAEA   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti