ABŞ-də səfir postu uğrunda İrəvanda mübarizə gedir

   ABŞ-də səfir postu uğrunda İrəvanda mübarizə gedir
  02 May 2025    Oxunub:660
Ermənistanda ABŞ-yə yeni səfir təyinatı uğrunda qızğın mübarizə başlayıb.
AzVision.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə təcrübəli diplomatı yox, tam inandığı şəxsi təyin etməyə hazırlaşır. Çünki ABŞ-də səfir postu təkcə diplomatik bacarıqlar yox, həm də kölgə əlaqələri qurmaq bacarığı tələb edir ki, bu da adətən ənənəvi diplomatlar üçün prioritet deyil.

“Siyasi dairələrdən alınan məlumata görə, səfir postuna iki əsas namizəd var: deputat Arsen Torosyan və Əmək və Sosial məsələlər naziri Narek Mkrtçyan”, - qəzet yazır.

Xarici səfərlərdə Paşinyanı tez-tez müşayiət edən Torosyan onun siyasətini fəal şəkildə dəstəkləyir və son vaxtlar nəzərəçarpacaq dərəcədə baş nazirin ideyalarının təbliği ilə məşğul olur.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının xarici əlaqələr məsələlərinə cavabdeh olan Mkrtçyan isə ABŞ-yə səfərə getmək, müxtəlif forumlarda iştirak etmək və hətta Dövlət katibi Rubio kimi mühüm siyasətçilərlə görüşməkdə böyük təcrübəyə malikdir. Nəşr bildirir ki, siyasi dairələr onun namizədliyinin keçəcəyini daha çox ehtimal edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   səfir  





Xəbər lenti