İsrail Qəzzanın blokadasını yarılmaq cəhdini pozub - VİDEO

   İsrail Qəzzanın blokadasını yarılmaq cəhdini pozub    - VİDEO
  02 May 2025    Oxunub:642
Fələstin anklavının blokadasını yarmaq istəyərkən Qəzza sahillərində “Azadlıq Donanması”na məxsus gəmi İsrail PUA-sının hücumuna məruz qalıb.
AzVision.az Qətərin “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, PUA-nın zərbəsi gəmidə yanğına səbəb olub. Ekipajın göndərdiyi qəza siqnalına Kiprin Hərbi Dəniz qüvvələri cavab verib. Gəminin hazırda Malta sahillərində beynəlxalq sularda lövbər saldığı bildirilir.

Qeyd edək ki, ötən həftə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) martın 2-də tətbiq edilən yardım qadağası nəticəsində Qəzza zolağında pisləşən humanitar vəziyyətə diqqət çəkib.

“Anklavda qıtlıq genişlənir və dərinləşir. Bu, qəsdən və süni şəkildə yaradılır. Qəzza ümidsizlik diyarına çevrilib”, - UNRWA-nın baş komissarı Filipp Lazzarini “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, martın 2-də İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağına humanitar yardımın dayandırıldığını və bütün keçidlərin bağlandığını elan edib. Təl-Əvivin iddiasına görə, bu qərar HƏMAS hərəkatının ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun atəşkəsin uzadılması planını qəbul etməməsinə cavab olaraq verilib.

2024-cü ildə bir neçə ölkədən olan fəallar tərəfindən yaradılan “Azadlıq Donanması” İsrailin Qəzza zolağının blokadasına müqavimət göstərmək və fələstinlilərə humanitar yardım çatdırmaq cəhdlərini reallaşdırmaq üçün texniki avadanlığı dəyişdirilmiş gəmidən istifadə edir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Qəzza   blokada  





Xəbər lenti