Rusiyanın dondurulmuş pulları kimə verilir?

   Rusiyanın dondurulmuş pulları kimə verilir?
  02 May 2025    Oxunub:487
Belçikanın “Euroclear” şirkəti onun hesabında bloklanmış Rusiya aktivlərinin 3 milyard avroluq hissəsini azad etmək və bölüşdürmək niyyətindədir.
AzVision.az xəbər verir ki, öz mənbələrinə və ələ gətirdiyi sənədlərə istinad edən “Reuters” agentliyinin yazdığına görə, bu pulların Rusiya tərəfindən vəsaitlərinə həbs qoyulmuş Qərb investorlarına təzminat kimi verilməsi planlaşdırılır.

Agentliyin mənbələri “Euroclear” maliyyə qurumunun mart ayında Belçika hakimiyyət orqanlarından vəsaitlərin köçürülməsi üçün icazə alıb. Aprelin 1-də şirkət müştərilərini qarşıdan gələn ödənişlər barədə xəbərdar edib. Ödəniş üçün hansı ruslardan kimlərin sahib olduğu vəsaitlərdən istifadə ediləcəyi göstərilmir.

“Vəsaitlərin köçürülməsi Moskvaya təsir vasitəsi sayılan Avropada bloklanmış Rusiya aktivlərinin həcmini azaldacaq. Dondurmanın qismən açılması ehtimalı ötən il Avropa İttifaqında (Aİ) sanksiyalar rejiminin dəyişdirilməsindən sonra yaranıb”, - agentlik vurğulayır.

“Euroclear” şirkətinin hesabında dondurulmuş Rusiya aktivlərinin ümumi məbləği 10 milyard avro təşkil edir. Onlar 2022-ci ildə Moskvanın Ukraynaya təcavüzündən sonra Aİ sanksiyalarına məruz qalmış Rusiyanın hüquqi və fiziki şəxslərinə məxsusdur. Ümumilikdə, Aİ-də Rusiyanın 200 milyard avrodan çox aktivi var.

Xatırladaq ki, rəsmi Kiyev Rusiyanın Qərbdə dondurulmuş vəsaitlərinin bütövlükdə qeyd-şərtsiz Ukraynaya təzminat kimi verilməsi ilə bağlı dəfələrlə tələb irəli sürsə də, onun iddiası qəbul olunmayıb. Bununla belə, 2024-cü ilin iyununda G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayırmağa razılaşıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: “Euroclear”   Rusiya   pullar  





Xəbər lenti