Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir - VİDEO

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir    - VİDEO
  03 May 2025    Oxunub:564
Mayın 3-də İçərişəhər, Qoşa Qala meydanında Beynəlxalq Xalça Festivalının açılışı olub.
AzVision.az xəbər verir ki, festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak edir.

Mayın 4-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramı: rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyir.

Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.

Festivala baş çəkən hər bir kəslə “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayiş etdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri xalçaçılıq sirlərini bölüşəcək, ustad dərslərinə qonaq edəcək.


AzVision.az


Teqlər: Bakı   xalça   festival  





Xəbər lenti