Meksika qəzetində Elçin Əmirbəyovun bu ölkəyə səfərinin yekunları işıqlandırılıb

   Meksika qəzetində Elçin Əmirbəyovun bu ölkəyə səfərinin yekunları işıqlandırılıb
  05 May 2025    Oxunub:486
Meksikanın aparıcı media qurumlarından biri olan "Milenio" qəzetində Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Meksikaya səfərinin yekunlarına dair geniş müsahibəsi dərc olunub.
Müsahibə eyni zamanda "Milenio" televiziyasında da yayımlanıb. Müsahibə zamanı Elçin Əmirbəyov Azərbaycan və Meksika arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri, iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan üçün yaşıl enerjiyə keçidin əhəmiyyəti, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi, eləcə də meksikalı turistlər üçün Azərbaycanda mövcud imkanlar ətrafında jurnalistin suallarını cavablandırıb.

E.Əmirbəyov bir neçə ay əvvəl Azərbaycan və Meksika arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünün qeyd edildiyini vurğulayıb. O, ötən müddət ərzində iki ölkə arasında müsbət siyasi dialoqun mövcud olduğunu, həmçinin humanitar, mədəni və parlament sahələrində münasibətlərin inkişaf etdiyini bildirib, səfər zamanı keçirilmiş görüşlərdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi üçün konkret addımların müzakirə edildiyini qeyd edib.

Mövcud geosiyasi şəraitdə həm Meksikanın, həm də Azərbaycanın öz ənənəvi tərəfdaşlıq coğrafiyalarını diversifikasiya etməyə çalışdığı və hər iki tərəfin yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün siyasi iradə nümayiş etdirdiyi qeyd olunub.

E.Əmirbəyov, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və ölkənin təmiz enerji sahəsindəki yeni hədəflərindən söz açıb. O, Azərbaycanın uzun illər neft və təbii qaz sahəsində əsas enerji təminatçılarından biri olduğu ilə bərabər son dövrlərdə təmiz enerji mənbələrinin inkişafına daha böyük önəm verdiyini qeyd edib. Günəş və külək enerjisi sahəsində böyük potensiala malik olan Azərbaycanın, qarşıdakı illərdə Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Qərbi Avropaya elektrik ixrac edəcək sualtı kabel layihəsini həyata keçirməyə hazırlaşdığını diqqətə çatdırıb. Layihənin Mərkəzi Asiya ölkələrini, Azərbaycan və Gürcüstanı, həmçinin Rumıniya, Macarıstan və Bolqarıstanı əhatə etdiyini vurğulayıb. Son illərdə daha çox sərmayədarların Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində reallaşdırılan layihələrdə iştirak etməyə maraq göstərdiyini, ölkədə 150 giqavatdan çox təmiz enerji potensialının mövcud olduğunu bildirib.

Müsahibədə Azərbaycanın təkcə coğrafi mövqeyinə görə deyil, həm də son illərdə qazandığı artan siyasi çəkisinə görə Avrasiya regionunda açar dövlət hesab edildiyi, ölkənin nəqliyyat və əlaqələndirmə mərkəzi olmaqla yanaşı, siyasi və diplomatik fəaliyyətin də önəmli mərkəzinə çevrildiyi qeyd olunub. Bu kontekstdə meksikalıların Azərbaycanın xarici siyasətinin balanslı, praqmatik və çoxşaxəli xarakterini başa düşməsinin vacib olduğu vurğulanıb. Azərbaycanın heç bir böyük güc mərkəzinə tam şəkildə bağlı olmadığı, strateji muxtariyyətini qoruyub saxladığı və bir çox qonşu ölkələr üçün etibarlı tərəfdaş və müttəfiq rolunu oynadığı bildirilib.

E.Əmirbəyov müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinin vacibliyini vurğulayaraq, mart ayında sülh sazişi layihəsi üzrə danışıqların tamamlandığını, sazişin imzalanacağı təqdirdə uzunçəkən qarşıdurmanın geridə qalacağını və Cənubi Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasına önəmli töhfə verəcəyini deyib. Həmçinin, sazişin imzalanmasına maneələrdən söz açıb. Sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamlar, ələlxüsus Ermənistan Respublikasının konstitusiyasında Azərbaycan Respublikasına qarşı ərazi iddialarının mövcudluğu vurğulanıb və bu Konstitusiyada həmin ziddiyyətlərin aradan qaldırılmasının vacibliyi qeyd edilib. O, sülhsevər bir ölkə kimi Meksikanın Azərbaycanın sülh təşəbbüsünü dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq və Cənubi Qafqazda sabitliyin təmin edilməsinin qlobal və regional təhlükəsizliyə töhfə verəcəyini qeyd edib.

Sonda E.Əmirbəyov iki xalq arasındakı ortaq xüsusiyyətlərə toxunaraq, Azərbaycan və Meksika arasında qonaqpərvərlik, mehribanlıq və mədəni zənginlik baxımından bənzərliklərin olduğunu vurğulayıb. O, Azərbaycanın xalqının mehriban, səmimi və zəhmətkeş bir xalq olması, zəngin və rəngarəng tarixə və mədəniyyətə malik olması, həmçinin, ölkənin möhtəşəm mətbəxi ilə fərqləndiyini bildirib. Bununla yanaşı, Azərbaycanın qədim İpək Yolunun marşrutunda yerləşməsi və bu gün də müxtəlif qitələrin, sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində olmasının ölkəni turizm üçün daha da maraqlı etdiyini diqqətə çatdırıb. E.Əmirbəyov Azərbaycan xalqının mədəni müxtəlifliklə fəxr etdiyini, müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin harmoniya içində yaşadığını qeyd edib.

Müsahibə ilə bu keçiddən tanış olmaq mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti