“ASAN xidmət” “ZİRVƏ” idarəçilik marafonuna start verib

“ASAN xidmət” “ZİRVƏ” idarəçilik marafonuna start verib
  06 May 2025    Oxunub:476
“ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır. Məqsəd Prezident İlham Əliyevin Zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən, eyni zamanda, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.

Mərasimdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, "ASAN xidmət" modeli nəinki ölkə daxilində, hətta beynəlxalq miqyasda öz qiymətini aldı, Azərbaycanın intellektual brendi və məhsulu kimi tanındı: "Bu gün fəxr və qürurla qeyd edə bilərəm ki, “ASAN xidmət” modelinin 25 ölkədə tətbiqi ilə bağlı müqavilələr imzalanıb. Həmçinin 5 beynəlxalq təşkilata üzv olan ölkələrlə "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı müqavilələr var. Hazırda beş ölkədə "ASAN xidmət" mərkəzləri əsasında xidmət mərkəzləri fəaliyyətdədir".

Onun sözlərinə görə, vətəndaş məmnunluğu təkcə xidmətin şəffaf və sıfır bürokratiya ilə həyata keçirilməsi deyil, həmçinin vətəndaşla məmur arasında münasibətlərin davranış modelindən asılıdır. Uğurlu davranış modeli üçün də əməkdaşların mütəmadi təlimlərə cəlb olunması əsas şərtlərdən biridir: "Bunu əsas götürərək bir müddətdən sonra bizim ASAN İnnovativ İnkişaf Mərkəzi təlim mərkəzi fəaliyyətə başladı. Bu da dövlət və özəl orqanların müraciəti əsasında yaradıldı. Vətəndaşlarla münasibət, vətəndaş məmnunluğunun təmin edilməsi üçün “ASAN”ın təlim təcrübəsi həm də digər qurumlarda öyrədilməyə başladı. Bundan əlavə, “ASAN xidmət” modeli başqa ölkələrə ixrac edildikcə həmin ölkələrin dövlət qulluqçularına ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən xüsusi təlimlər təşkil olunur. Ən çox idarəetmə ilə bağlı təlimlər haqqında müraciətlər alırıq. Biz idarəetmə, liderlik barədə təlimlərə toxunanda hansısa filosofun, xarici ölkənin dövlət və ictimai xadiminin sitatlarına istinad edir, onların hansısa təcrübəsinə baxmağa çalışırıq. Lakin unutmuruq və unutmamalıyıq ki, ən böyük liderlik və idarəetmə təcrübəsi Azərbaycanın özündədir, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin idarəetmə məktəbidir. Nəyə görə biz həmin idarəetmə məktəbinin ayrı-ayrı komponentlərini təlim mövzusu etməyək və idarəetmə ilə bağlı şəxslərə sırf milli idarətmə məktəbi olan Ulu Öndər məktəbi tədris edilməsin və təlimlərdə istifadə olunmasın? Ona görə bu istiqamətdə yola çıxıldı. Bu il ərazi bütövlüyümüzün bərpasının, şanlı Zəfərimizin 5-ci ildönümüdür. Ərazi bütövlüyümüz və suverenliyimizin bərpasında son sözü Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu dedi. Lakin ordunun son sözü deməsi üçün hansı strateji idarəetmə tətbiq olundu? Bu, çox geniş mövzudur. "ZİRVƏ" marafonu çərçivəsində az da olsa, biz buna toxunacağıq. Ulu Öndərin və Prezident İlham Əliyevin uğurlu idarəetməsi və strateji vizyonu hər birimiz üçün roldur, modeldir və fürsət düşdükcə tədqiq etməli, araşdırmalı, öyrənməli və öz işimizdə hansısa komponentlərindən istifadə etməliyik".

Daha sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən özünün ən dinamik dövrünü yaşayır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin idarəetmə sahəsində həyata keçirdiyi tədbirlər və çoxşaxəli islahatlar ölkəmizin tərəqqisinə əsaslanıb.

Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.

Sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb.

Layihəyə əsasən 6 may - 6 iyul 2025-ci il tarixində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlar toplusu” onlayn kitabı nəşr olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti