Tramp Fars körfəzinin adını dəyişir

   Tramp Fars körfəzinin adını dəyişir
  07 May 2025    Oxunub:607
ABŞ Prezidenti Donald Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri əsnasında Fars körfəzinin "Ərəb körfəzi", yaxud "Ərəbistan körfəzi" adlandırılması ilə əlaqədar bəyanat verməyi planlaşdırır.
Bu barədə ABŞ hökumətinin adları gizli saxlanılan iki rəsmi nümayəndəsi "The Associated Press" xəbər agentliyinə açıqlama veriblər. Onlar bildirirlər ki, ərəb ölkələri belə bir rəsmi ad dəyişikliyindən məmnundurlar, amma İran özünün körfəzlə "tarixi bağlarını qorumağa" çalışır.

Fars körfəzi XVI əsrdən bəri bütün dünyada məhz bu adla tanınsa da, Yaxın Şərqdə ona əsasən "Ərəb körfəzi" deyilir. ABŞ Silahlı Qüvvələri də, artıq uzun illərdir ki, yaydığı bəyanatlarda, foto və videolarda "Ərəb körfəzi" ifadəsini işlədir.

Rəsmi Tehran isə qədim Fars imperiyasını xatırlatmaq məqsədilə sözügedən su hövzəsini "Fars körfəzi" adlandırmağı üstün tutur. Hələ 2017-ci ildə Donald Tramp özünün ilk prezidentliyi dövründə hövzəni "Ərəb körfəzi" adlandıranda ovaxtlı iranlı həmkarı Həsən Ruhani ona "coğrafiyanı öyrənməyi" məsləhət görmüşdü.

"Hamı Donald Trampın dostluğunun ən yüksək qiymət verənə satıldığından xəbərdardır. İndi bilirik ki, onun coğrafiya biliyi də bu cürdür", – İranın sabiq xarici işlər naziri Məhəmmədcavad Zərif həmin vaxt özünün sosial şəbəkə hesabında yazmışdı.

Donald Tramp körfəzin adını, əlbəttə, yalnız ABŞ üçün dəyişdirə bilər, ancaq onun bu addımı ərəb ölkələri ilə yaxınlaşmasından xəbər verir. Bu, ABŞ liderinin özünün ikinci hakimiyyət dövründə yeganə coğrafi ad dəyişikliyi deyil: o, bir neçə ay qabaq Meksika körfəzinin adını "Amerika körfəzi" kimi dəylşdiyini diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Fars-körfəzi   İran   ərəb-ölkələri  





Xəbər lenti