İran-Britaniya münasibətləri gərginləşir?

   İran-Britaniya münasibətləri gərginləşir?
  19 May 2025    Oxunub:359
Rəsmi Tehran Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkilini İran Xarici İşlər Nazirliyinə çağırıb.
Ölkənin "Mehr" xəbər agentliyinin nazirliyə istinadən yaydığı məlumata görə, bu addıma səbəb İran vətəndaşlarının Britaniyada həbsi, eyni zamanda, Londonun Tehrana qarşı irəli sürdüyü yanlış iddialardır.

Belə ki, cari ayın əvvəlində Britaniya polisi iki ayrı əməliyyat nəticəsində 7 İran vətəndaşını saxlayıb. Keçən həftə onlardan üçü "İran kəşfiyyatına məlumat ötürməkdə" təqsirləndirilib.

"Rəsmi London İrana təzyiq göstərmək məqsədilə bu cür siyasi motivli hərəkətlərə, bu hərəkətlərin yersiz nəticələrinə görə cavab verməlidir", - IRNA yazır.

Bildirilir ki, nazirliyə çağırılan müvəqqəti işlər vəkilindən "sözügedən həbslərin səbəbləri və hüquqi əsasları ilə əlaqədar" rəsmi izahat verməsi xahiş olunub.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Britaniya   həbs   gərginlik  





Xəbər lenti