Köçəryan: "Paşinyan özünü nökər gününə salıb"

      Köçəryan:    "Paşinyan özünü nökər gününə salıb"
  19 May 2025    Oxunub:345
"Nikol Paşinyan sülh müqaviləsinin imzalanması üçün Albaniyada yalvarırdı".
Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan yerli mətbuata müsahibəsində dilə gətirib. O, Baş nazir Nikol Paşinyanın mayın 16-da Albaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirdiyi görüşlər haqqında danışıb. Sabiq dövlət başçısı vurğulayıb ki, Paşinyan ilə Azərbaycan və Türkiyə liderləri arasında "nökər-ağa münasibəti" yaranıb.

Sözügedən sammit ərəfəsində Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətləşib. Paşinyan İlham Əliyevi kofe içməyə çağırıb.

"Baş nazirin bədən dili açıq-aşkar göstərir ki, o hansı vəziyyətə düşüb. Elə bil özünü bu iki şəxsdən (Azərbaycan və Türkiyə liderlərindən - red.) asılı və tabe sayır. Paşinyan belə halda ölkəni ağ günə çıxara bilməz", - Köçəryan xələfi haqqında söyləyib.

Sabiq prezident həmçinin vurğulayıb ki, Paşinyan söhbətlər əsnasında Azərbaycan liderinə sülh müqaviləsinin imzalanması üçün yalvarıb:

"O bu müqavilənin bağlanmasını məhz özünün seçki kampaniyasının xatirinə istəyir. Sənəd imzalansa da, Paşinyanın niyyəti sülh yox, öz siyasi karyerasıdır".

Xatırladaq ki, martın 13-də Bakı və İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıb. Tərəflərin razılaşdığı son iki məqam sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə əlaqədar idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan   Azərbaycan   müqavilə  





Xəbər lenti