YAP sədrinin müavini Çinin səfiri ilə görüşüb

Səfir Lu Mey Çinin etibarlı strateji tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri, dövlət başçılarının iradələri sayəsində hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması çoxşaxəli işbirliyinin inkişafına əlavə təkan verərək dövlətlərarası münasibətlərin yeni mərhələyə yüksəlməsini şərtləndirib.
Qeyd olunub ki, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verən Azərbaycan ilə Çin dost və tərəfdaş dövlətlər kimi beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlayır. Vurğulanıb ki, Avrasiyada təhlükəsizliyin və qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsinin tərəfdarı kimi çıxış edən hər iki ölkə müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni, humanitar, yaşıl enerji və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdır.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında fəal siyasi dialoq şəraitində sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu xüsusda 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib. Memorandumdan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, partiyalar arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: