ABŞ G7-nin sərt ritorikasının əleyhinədir

   ABŞ G7-nin sərt ritorikasının əleyhinədir
  21 May 2025    Oxunub:332
Ağ Ev administrasiyası Böyük Yeddiliyin (G7) birgə bəyanatına Kiyevə gələcək dəstək və Ukraynaya qanunsuz müdaxilə ilə bağlı ifadələrin daxil edilməsinə qarşı çıxıb.
AzVision.az xəbər verir ki, iki məlumatlı mənbəyə istinadən edən “Politico” nəşrinin yazdığına görə, Kanadada G7 ölkələrinin Maliyyə nazirləri tərəfindən hazırlanan yekun bəyanatın mətninin razılaşdırılması prosesində məhz Vaşinqtonun mövqeyinə görə çətinliklər yaranıb.

“Vaşinqton Ukraynaya davamlı dəstəyin hər hansı bir qeydinə qarşı olduğunu bildirib. Tramp administrasiyası həmçinin Rusiyanın hücumunun “qanunsuz işğal” kimi təsvirinin çıxarılmasında israr edib”, - sənədin hazırlanmasında iştirak edən iki rəsmi mənbə bildirib.

Xatırladaq ki, bu, ilk belə hal deyil. Fevralın əvvəlində, yenə də ABŞ-nin mövqeyi ilə fikir ayrılığı səbəbindən, G7 ölkələri Ukrayna və Rusiya arasında genişmiqyaslı müharibənin üçüncü ildönümü ilə bağlı birgə bəyanat qəbul edə bilməyiblər. Aprel ayında Vaşinqton “Verba bazar günü” Rusiyanın Ukraynanın Sumı vilayətinə raket zərbəsini pisləyən birgə bəyanatı imzalamaqdan imtina edib.

ABŞ-nin Dövlət katibi Marko Rubio açıq şəkildə etiraf edib ki, Ağ Ev Rusiya ilə bağlı məsələlərdə G7 sənədlərində “antaqonist ritorikadan” qaçmağa çalışır. Tramp administrasiyasının fikrincə, belə yanaşma Kremllə dialoqun qurulmasına kömək edə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   G7   Rusiya  





Xəbər lenti