Fransa Korsikada hərbi əməliyyat keçirib

   Fransa Korsikada hərbi əməliyyat keçirib
  22 May 2025    Oxunub:380
Fransanın xüsusi təyinatlı qüvvələrinin Korsikada həyata keçirdiyi genişmiqyaslı "antiterror" əməliyyatı nəticəsində Korsika Milli Azadlıq Cəbhəsi ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.
"Le Figaro" qəzeti rəsmi mənbəyə istinadən yazır ki, əməliyyat bir neçə şəhərdə, o cümlədən Bastiya, Pruno və Furianidə aparılıb. Saxlanılanlar 2023-cü ildə evlərin və inzibati binaların bombalanması və s. hücumlarda təqsirləndirilirlər.

Yerli fəalların fikrincə, hökumətin "terrorizmlə mübarizə" adı ilə atdığı bu addım, əslində, adanın müstəqillik hərəkatını boğmaq cəhdidir. Onlar diqqətə çatdırıblar ki, saxlanılanlar Korsika müqavimətinin simvollarından biri sayılan Şarl Pierinin ətrafındandır.

"Dövlətin siyasi həll yolu axtarmaqdansa, zor tətbiqinə üstünlük verən yeni repressiya dalğasını pisləyirik. Korsikaya dəyənək yox, dialoq lazımdır", - "Gjuventù Libera" və "Sulidarità" adlı müqavimət təşkilatlarının həbslərlə əlaqədar yaydığı bəyanatda vurğulanır.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Prezident Emmanuel Makronun adaya səfərinin və "Fransa daxilində muxtariyyət" haqqında bəyanatının ardınca "mavi gecə" adlanan etirazlar və partlayışlar dalğası başlayıb.

Firudin Həmidli
AzVision.az



Teqlər: Fransa   Korsika   həbs   müqavimət  





Xəbər lenti