İsrail Fələstini tanımağa hazırlaşanları təhdid edir

   İsrail Fələstini tanımağa hazırlaşanları təhdid edir
  27 May 2025    Oxunub:362
İsrail iyunda Nyu-Yorkda keçiriləcək beynəlxalq konfransda Fələstin dövlətinin tanınacağı təqdirdə cavab addımları atacağı ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, məsələdən hali olan xarici diplomata istinad edən “Haaretz” nəşrinin yazdığına görə, İsrailin Xarici İşlər naziri Gideon Saar britaniyalı və fransalı həmkarları Devid Lammi və Jan-Noel Barroya Fələstin dövlətinin tanınmasına Təl-Əvivin İordan çayının qərb sahilindəki C ərazisini ilhaq etməklə və icazəsiz forpostları qanuniləşdirməklə cavab verə biləcəyini deyib.

İsrail XİN-in rəhbərinin bəyanatı iyunun 18-də Nyu-Yorkda Fransa, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin iştirakı ilə Fələstinin tanınması barədə beynəlxalq konfransa hazırlıq fonunda verilib.

“Konfransın təşəbbüskarı olan Fransa prezidenti Emmanuel Makron həmin gün bir çox dövlətlərin Fələstini rəsmən tanıyacağına ümid edir. Birləşmiş Ştatlar konfransa qatılmayacağı qərarı barədə İsraili xəbərdar edib. Lakin, eyni zamanda, digər ölkələrin hərəkətlərini məhdudlaşdırmaq üçün Vaşinqton onlara açıq şəkildə təzyiq göstərməyəcək”, - “Israel Hayom” portalı vurğulayır.

İsrail Fransanı Fələstini dövlət kimi tanımaq hərəkatına rəhbərlik etdiyinə görə qınayır.

Bu arada “Agence France-Presse” xəbər verib ki, Fransa XİN-in rəhbəri Jan-Noel Barro Ermənistana rəsmi səfəri zamanı fələstinli həmkarı Varsen Ağabekyan-Şahinlə görüşəcək və onunla Nyu-Yorkda keçiriləcək konfransı müzakirə edəcək.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: İsrail   Fələstin   xəbərdarlıq  





Xəbər lenti