Peskov: "Putin Trampa kömək göstərməyə hazırdır"

      Peskov:    "Putin Trampa kömək göstərməyə hazırdır"
  05 İyun 2025    Oxunub:1357
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla axırıncı danışığında diqqətə çatdırıb ki, "Moskva özünün Tehranla sıx tərəfdaşlığını nüvə proqramı üzrə danışıqlara dəstək vermək məqsədilə işlətməyə hazırdır".
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib. O vurğulayıb ki, Vladimir Putinin irəli sürdüyü təklifin həyata keçirilməsi danışıqları asanlaşdıra, ona töhfə verə bilər.

Peskov Rusiya liderinin ABŞ-İran danışıqlarında mümkün iştirakı barədə suala da cavab verib. Onun sözlərinə görə, Putin müxtəlif kanallarla aparılan bu dialoqda "zərurət yaranarsa" qoşulacaq.

Mayın 29-da "CNN" telekanalı danışıqlar prosesindən məlumatlı adı çəkilməyən mənbələrə istinadən bildirib ki, rəsmi Vaşinqton və Tehran nüvə proqramının məhdudlaşdırılması üzrə danışıqların növbəti mərhələsində müvəqqəti anlaşma sazişi imzalamağa hazırlaşır. Müvəqqəti sazişin imzalanması nəticəsində proses yeni mərhələyə qədəm qoyacaq, eyni zamanda, atılası konkret addımlar müəyyənləşəcək. Məlumatlı mənbələrin sözlərinə görə, saziş çərçivəsində Yaxın Şərq ölkələrinin beynəlxalq konsorsiumu, habelə Birləşmiş Millətlər Təşkilatının (BMT) nüvə proqramı nəzarət təşkilatı qurula bilər.
Xamenei: "İcazə gözləyəsi deyilik"

"İran məhz bu mümkün təşkilatların nəzarəti altında uranı zənginləşdirə biləcək. Hərçənd hesabatda belə bir addım barədə qəti razılıq hələlik yoxdur. Eyni zamanda, danışıqlar yalnız Tehranın nüvə proqramını əhatələyir. Sazişə bu ölkənin ballistik raket proqramı və başqa məsələlər haqqında maddə salınması gözlənilmir", - "CNN" diqqətə çatdırır.

Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   ABŞ   İran   nüvə-danışıqları  



Xəbər lenti