Barrak: "Hizbullah" bu işə qarışmasın"

      Barrak:    "Hizbullah" bu işə qarışmasın"
  19 İyun 2025    Oxunub:963
"İsrailin İran ərazisindəki nüvə və raket obyeklərinə hərbi əməliyyatı fonunda əgər Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatı Tehrana hər hansı dəstək verməyə çalışarsa, bu qərar onun axırını gətirər".
Bu sözləri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi, Türkiyədəki səfiri Tom Barrak Livanın paytaxtı Beyrut şəhərinə ilk səfəri çərçivəsində mətbuata açıqlama verərkən dilə gətirib. O, Beyrutda bir sıra ali hökumət nümayəndəsi, o cümlədən parlament sədri, "Hizbullah"ın müttəfiqi Nəbih Bərri ilə görüşüb.

"Prezident Donald Trampın adından deyirəm ki, "Hizbullah" bu uğursuz qərardan mütləq çəkinməlidir", - diplomat Nəbih Bərri ilə görüşünün yekununda jurnalistlərin müvafiq sualına cavabında söyləyib.
"Hizbullah" komandiri öldürülüb

İsrail Hərbi Hava Qüvvələri hələ ötən cümə günü sözügedən əməliyyata başlayanda "Hizbullah" İran ərazisinə hücumları pisləsə də, Tehrana konkret dəstək niyyətini dilə gətirməyib. Maraqlıdır ki, belə bir şəraitdə İsrail Hərbi Hava Qüvvələrinin gecə Livanın cənubundakı Bariş kəndinə pilotsuz uçuş aparatı ilə (PUA) aviazərbəsi nəticəsində təşkilatın raket-artilleriya bölməsinin rəhbəri Yasin İzzəddin həyatını itirib.

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə bu gün İsrailin Beer-Şeva şəhərindəki Soroka Tibb Mərkəzinə güclü raket hücumu həyata keçirib. Çoxsaylı mülki əhali müxtəlif dərəcədə xəsarətlər alıb.

Hazırda ABŞ Ordusunun da İrana birbaşa müdaxiləsi ehtimalı da istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Hizbullah   Livan   İsrail   İran   münaqişə   reaksiya  



Xəbər lenti