Vəkil olmaq istəyənlər imtahan veriblər

Vəkil olmaq istəyənlər imtahan veriblər
  06 İyul 2025    Oxunub:1690
Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilib. İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan 13:00-dək davam edib.
DİM və Azərbaycan Respublikası VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır. Nəticələr imtahan bitdikdən sonra VK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.


Namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. Onların 17,8 faizi xarici, 82,2 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2 faiz göstərici ilə Bakı Dövlət Universitetidir.

İştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Namizədlərin 26 faizi qadın, 74 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 2 faizini təşkil edir.


- Ölkəmizdə vəkillik peşəsinə maraq azalmır. Bu gün də Vəkillər Kollegiyasına üzvlük imtahanında 421 nəfər iştirak edir. Kollegiyaya qəbul mütəmadi keçirilir,- deyə Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib. - Ürəkaçan haldır ki, namizədlərin 70 faizdən çoxu 40 yaşınadək olan hüquqşünaslardır. Bu imtahanların fərqi ondan ibarətdir ki, namizədlərin 50 faizdən çoxu Bakı şəhərindən olmasına baxmayaraq 45 faizi ölkəmizin digər bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını təmsil edirlər. Həmçinin xanım namizədlərin sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməyə çalışır. Beləliklə ölkəmizdə keçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır. Təbii ki, bütün bu işlərin, tədbirlərin bir məqsədi var. O da ölkəmizin hər bir vətəndaşının keyfiyyətli hüquqi yardıma əlçatanlığının tam təmin olunmasıdır.


Teqlər: Hüquq   Vəkil  



Xəbər lenti