Kiyev Berlindən hansı silahları istəyir? | VİDEO

   Kiyev Berlindən hansı silahları istəyir?    | VİDEO
  07 İyul 2025    Oxunub:1441
Almaniyanın “Bild” qəzeti Ukraynanın Berlindən hərbi yardım kimi almaq istədiyi silahların ictimailəşdirilməyən siyahısını dərc edib.
AzVision.az xəbər verir ki, materialda Almaniya kansleri Fridrix Mertsin hakimiyyətə gəldikdən sonra Berlinin Ukraynaya yeni silahların tədarükü ilə bağlı məlumat dərc etmədiyi və Kiyevin də müvafiq məlumat yaymadığı vurğulanır.

“Ukrayna alman tərəfinə dəyəri milyardlarla avro olan konkret siyahı verib. Bura hava hücumundan müdafiə (HHM) sistemləri, zirehli texnikalar və elektron döyüş sistemləri daxildir”, - nəşr yazır.

Siyahıya əsasən, Ukrayna dörd yeni “IRIS-T” tipli buraxılış qurğusu, “IRIS-T SLM” orta mənzilli raket sistemi üçün 1500 idarəolunan raket və “IRIS-T SLS” qısa mənzilli raket sistemi üçün 500 idarə olunan raketlə maraqlanır.

Bundan əlavə, Kiyev dronlara qarşı mübarizə üçün 200 min ədəd 40 mm-lik zenit sursatları istəyir.

Sözügedən siyahıda, həmçinin müxtəlif modifikasiyalı 200 tırtıllı maşın, 30 zirehli minaaxtaran maşın və 20-30 ədəd “WiSENT” tipli mühəndis tankı yer alıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   Almaniya   silah  



Xəbər lenti