Pekin İranın müdafiəsini gücləndirir

   Pekin İranın müdafiəsini gücləndirir
  08 İyul 2025    Oxunub:1285
İran Çindən zenit-raket kompleksləri (ZRK) alıb. Tədarük İran və İsrail arasında iyunun 24-də əldə olunan atəşkəsdən qısa müddət sonra həyata keçirilib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Middle East Eye” nəşrinin yazdığına görə, bu tədarüklər fonunda Tehran İsraillə son 12 günlük münaqişə zamanı məhv olunmuş strateji əhəmiyyətli obyektləri tez bir zamanda bərpa etməyə başlayıb.

“Hava hücumundan müdafiə (HHM) sistemləri artan əməkdaşlığın bir hissəsi kimi Çin tərəfindən təchiz edilib və bu addımlar İranın hava hücumundan müdafiəsini “dəstəkləmək və gücləndirmək” məqsədi daşıyır. Ağ Ev silah transferi ilə bağlı ona məlumat verildiyini bildirib”, - ərəb ölkələrindən birinin təmsilçisi deyib.

“Middle East Eye” Tehrana təhvil verilən “yer-hava” raketlərinin dəqiq sayını açıqlamasa da, adının açıqlanmasını istəməyən başqa bir mənbə qeyd edib ki, tədarüklərin bir hissəsi İran nefti müqabilində həyata keçirilir.

ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) may ayı üzrə hesabatına görə, İranın xam neft və kondensat ixracının təxminən 90%-ini alan Çin İran neftinin ən böyük idxalçısı olaraq qalır.

ABŞ-nin sanksiyalarına rəğmən, Pekin bir neçə ildir ki, üçüncü ölkələr vasitəsilə neft alır. Məsələn, xammalın mənşəyini gizlətmək üçün Malayziyadan tranzit məntəqəsi kimi yararlanır.

- İranlılar çox kreativ ticarət sxemlərindən istifadə edirlər”, - ərəb mənbələrindən biri söyləyib.

İranın öz müdafiəsini gücləndirməsi fonunda İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını müzakirə etməyə hazırlaşırlar. Amma Ağ Ev hələlik bununla bağlı şərh verməyib.

“Son münaqişə zamanı İsrail İranın hava məkanına nəzarəti ələ keçirib, ballistik raket buraxılış qurğularını məhv edib və bir sıra iranlı general və alimləri öldürüb. Bu itkilərə baxmayaraq, İran ordusu atəşkəs başlamazdan əvvəl Təl-Əviv və Hayfada mühüm hədəfləri vuraraq, İsrail ərazilərini atəşə tutmağa davam edib”, - qəzet xatırladır.

Yeri qəlmişkən, Çin artıq Pakistana HQ-9 və HQ-16 HHM sistemləri ixrac edir və mediada yayılan xəbərlərə görə, Misirdə də Çində istehsal olunan HQ-9 sistemləri var.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   İran   HHM  



Xəbər lenti