Moskva İrəvanı sanksiyalarla hədələyib

   Moskva İrəvanı sanksiyalarla hədələyib
  10 İyul 2025    Oxunub:1227
İyulun 7-də Rusiya Xarici İşlər nazirliyinə çağırılan Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyana Ermənistana qarşı iqtisadi sanksiyaların mümkün tətbiqi barədə rəsmi İrəvana məlumat vermək tapşırılıb.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Hraparak” qəzetinin yazdığına görə, Ermənistan Qərbin Rusiyanın dövlət televiziya kanallarının ölkənin ictimai multipleksində bloklanması tələbini yerinə yetirəcəyi təqdirdə, Moskva bu cür tədbirlərə əl atacağı ilə hədələyib.

“Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinlə Qurgen Arsenyan arasında görüş “xoşagəlməz” olub. Arsenyana birbaşa deyiblər ki, onlar Ermənistan hakimiyyətinin nə planlaşdırdığını və anti-Rusiya əhval-ruhiyyəsini necə qızışdırdıqlarını bilirlər”, - qəzetdə dərc olunan materialda vurğulanır.

Xatırladaq ki, iyulun 1-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya televiziya kanallarının Ermənistanda yayımının dayandırılması məsələsinə ciddi baxılmasının vacibliyini bəyan edib.

Ermənistan Rusiya telekanallarını bağlaya bilər | VİDEO
Siyasətçi bu fikri parlamentdə jurnalistlərlə söhbətində “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbsi, Rusiyanın buna reaksiyası və Moskva-İrəvan münasibətlərinə mümkün təsirini şərh edərkən bildirib.

İyulun 4-də Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər nazirliyinə çağırılıb və ona “Rusiya mətbuatında Ermənistan hökumətinə qarşı qeyri-dost, tez-tez düşmənçilik təbliğatı” ilə bağlı etiraz notası təqdim olunub.

Daha sonra, iyulun 7-də Qaluzin Ermənistan səfirinə Ermənistanda “Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının" zəruriliyi ilə bağlı Moskvanın mövqeyini çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   İrəvan   sanksiyalar  



Xəbər lenti