Türkiyə ilə Oman energetika sahəsində memorandum imzalayıb

   Türkiyə ilə Oman energetika sahəsində memorandum imzalayıb
  14 İyul 2025    Oxunub:1298
Türkiyə ilə Oman arasında energetika sahəsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar özünün "X" hesabında məlumat yayıb. O, Omanın paytaxtı Məsqət şəhərində bu ölkənin energetika və mədənlər naziri Səlim Nasir Əl-Övfi ilə görüşdüyünü diqqətə çatdırıb.

"İki ölkə arasında energetika sahəsi üzrə əməkdaşlıq potensialının gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb", - nazir vurğulayıb.

Onun sözlərinə görə, memorandum Türkiyə ilə Omanın neft və təbii qaz kəşfiyyatı, məhsulun daşınması, emalı və s. müxtəlif proseslərdə, eyni zamanda, elektrik enerjisi, bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen texnologiyaları sahələrində əməkdaşlığını nəzərdə tutur.

Alparslan Bayraqdar həmçinin Omanın İnvestisiya Təşkilatının sədri Əbdüssalam bin Məhəmməd Əl-Mürşidi ilə də görüş keçirib. Tərəflər energetika sektorunun müxtəlif aspektləri üzrə həm qarşılıqlı, həm də üçüncü ölkələrdə potensial investisiya imkanları ətrafında müzakirələr aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Oman   enegetika   memorandum  



Xəbər lenti