Ələkbər Məmmədov dəfn edildi
Mərhumun cənazəsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalının səhnəsində qoyulub.
Məşhur futbolçunun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülüb.
Ələkbər Məmmədovun həmkarları, dostları, tanışları və tanınmış idman xadimləri axın-axın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binasına gələrək, görkəmli idman xadiminə və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərhumun Azərbaycan futbolunun inkişafında yorulmaz fəaliyyətindən və yüksək insani keyfiyyətlərindən geniş söz açıb. Bildirib ki, Azərbaycan idmanında özünəməxsus yeri olan Ələkbər Məmmədov ölkə futbolunun inkişafına dəyərli töhfələr verib. Azərbaycanın futbol tarixində dərin izlər qoymuş Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunub.
Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurub. Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda idmanın bu növünün inkişafı və təbliğində böyük xidmətlər göstərib. Bütün həyatını futbola həsr etmiş Ələkbər Məmmədov ömrünün sonunadək ona sadiq qalıb, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanıb.
Sonra görkəmli futbolçunun cənazəsi son mənzilə yola salınıb.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Ələkbər Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub. O, 1948–1953-cü illərdə Bakının “Neftçi”, 1954–1959-cu illərdə Moskvanın “Dinamo” və 1960–1962-ci illərdə yenidən “Neftçi” komandalarının heyətində çıxış edib. Məşhur idmançı 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində yer alıb, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırıb və Azərbaycan futbol məktəbini layiqincə təmsil edib.
Ələkbər Məmmədov 1963–1965-ci və 1971–1972-ci illərdə “Neftçi” komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi kimi, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynayıb. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.
Ələkbər Məmmədov 1955-ci il sentyabrın 4-də Moskva “Dinamo”sunun heyətində “San-Siro” stadionunda “Milan” komandası ilə keçirilən qarşılaşmada dörd qol vuraraq rekorda imza atıb.
Allah rəhmət eləsin!