Taliblərin saxladığı onlarla qadının taleyi məlum deyil

   Taliblərin saxladığı onlarla qadının taleyi məlum deyil
  21 İyul 2025    Oxunub:1050
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” islamçı hərəkatının nümayəndələri Kabilin qərbində onlarla gənc qadını saxlayıblar.
AzVision.az xəbər verir ki, “Afghanistan İnternational” telekanalının yaydığı məlumata görə, iyulun 18-də və 19-da baş verən həbslər Əxlaqın Təbliği və Pisliklərin qarşısının alınması nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib.

“Qadınları, o cümlədən Dəşt-e-Bərçi ərazisindəki küçədən və xiyabanda dayanmış iki mikroavtobusdan aparıblar. Taliban fiziki güc tətbiq edib və əməliyyatlar zamanı orada heç bir qadın polis olmayıb”, - hadisənin şahidləri bildiriblər.

Kanalın reyddən çəkilmiş kadrlarında Taliban döyüşçülərinin əhatəsində olan qadınların məyus görkəmləri nəzərə çarpır. Saxlanılanlardan bəzilərinin harada olduğu bilinmir və ailələri onların rifahından narahatdırlar. Bununla belə, qadınlardan bəziləri bir gecəni həbsdə keçirdikdən və onların qohumlarından yazılı təminat alındıqdan sonra sərbəst buraxılıb.

Məlumata əsasən, bu, son vaxtlar ikinci belə hadisədir. Belə ki, yulun 16-da paytaxtın Şəhri Nau mikrorayonunda 100-ə yaxın qadın saxlanılıb. Onlar küçələrdən, bazarlardan, xəstəxanalardan aparılıblar. Həbs zamanı onların əksəriyyəti islami geyim standartlarına uyğun geyimdə olublar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əfqanıstan   qadınlar   saxlanma  



Xəbər lenti