Mikayıl Cabbarov ilk görüşünü keçirdi

Mikayıl Cabbarov ilk görüşünü keçirdi
  23 Aprel 2013    Oxunub:1236
Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, M.Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirib, iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan nazir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

K.Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləyib. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və iki ölkənin müvafiq mütəxəssislərindən ibarət birgə komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini söyləyib.

M.Cabbarov azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti