Gürcülərin Bakıdakı davası ilə bağlı XİN-dən bəyanat

Gürcülərin Bakıdakı davası ilə bağlı XİN-dən bəyanat
  06 Avqust 2014    Oxunub:2786
Bakıda Azərbaycanın "Neftçi" və Gürcüstanın "Çixura" klubları arasında keçirilən oyun zamanı gürcü azarkeşlərin etdiyi hərəkətlərdə siyasi motiv olmayıb.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin çərşənbə axşamı yayılan bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, hüquq-mühafizə orqanlarının nümayəndələri sözügedən gürcü azarkeşlərlə görüşərək söhbət ediblər.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu, yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

"İnsident iştirakçıları nazirliyə bildiriblər ki, onların Bakıda etdiyi hərəkətlərdə siyasi motiv olmayıb və qonşu dövlətin suveren hüquqlarının təhqir edilməsinə yönəlməyib. İnsidentin iştirakçısı olan gürcü azarkeşlər hərəkətlərinin siyasi nəticələrini başa düşüblər və qeyd ediblər ki, gələcəkdə idman tədbirlərində fəallıqlarının iki dost ölkə arasında qarşıdurmaya səbəb olmaması üçün onların bütün hərəkətləri düşünülmüş olacaq", - deyə XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 7-də Tiflisdə baş tutacaq.


Teqlər:





Xəbər lenti